21 Fevral - Çərşənbə 18:40:59
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

4-Məhsuldarlıq

Məhsuldarlıq, ümumiyyətlə istehsalın istifadə olunan məsrəf miqdarına nisbətidir. Məhsuldarlıq səviyyəsini ölçmək üçün ən çox istifadə olunan üsul, istehsalın əmək saatına düşən həcmidir. Buna gö­rə hər hansı bir mənbənin məhsuldarlığı necə Öl­çü­lürsə, bütün ehtiyatların məhsuldarlığı da elə ölçülür. Məhsuldarlığın artımının əsasında yetişmiş insan gücü, texnologiyanın inkişafı, yeni istehsal tex­nika­larının tapılması və istehsal amillərinin xassə­lərinin dərinləşməsi dayanır. Texnologiya sahəsindəki yeniliklər istehsalın məhsuldarlığını artırar. Lakin bunlar arasında ən əhəmiyyətli amil, yetişmiş insan gücüdür. Çünki, istehsal və məhsuldarlıq yal­nız insan qabiliyyəti və çalışması sayəsində müm­kündür. Belə olduğu halda, insanı mükəmməl şəkil­də məlumat­landırıb düşüncə və əməyindən maksimum dərəcədə faydalanaraq məhsuldarlığı artırmaq və onların öz qabiliyyətlərini nümayiş etdirmə­ləri üçün bütün insanlara sərmayə yardımının təmin edilməsi olduqca vacibdir. Bacarığını meydana çıxarmağa imkan tapan insan, mövcud və yeni ehtiyatları lazımi şəkildə dəyərləndirməklə kifayətlənməyib eyni zamanda yeni mənbələri dövriyyəyə daxil edərək məhsuldarlığın artmasına şərait yaradacaqdır. Məhsuldarlığı artıran istehsal cihaz və maşınları ixtira edən insanlara imkanlar yaradılmasaydı, indiki istehsal səviyyəsindən danışmaq belə mümkün olmazdı.
Klassik iqtisadçıların «azalan məhsullar nəzəriyyəsi»nə əsasən, davamlı olaraq gələcəkdə əhalinin sürətlə artması və dünyadakı ehtiyatların azlığı nəticəsində adambaşına məhsuldarlıq da azalacaq, hətta onlar iddia edirlər ki, əhali artımıyla həyat sə­viy­yəsi aşağı düşəcək, aclıq və xəstəliklər kütləvi insan qırğınlarına səbəb olacaqdır.
Lakin texnoloji inkişaf sayəsində istehsal həcmi və növləri, istehlak miqdarından dəfələrlə çox oldu. Dünya əhalisinin getdikcə çoxalmasına baxmayaraq istehsal elə bir inkişaf mərhələsinə çatdı ki, firmaların və millətlərin əsas problemi istehsal etdikləri mallara istehlakçı tapmaq oldu.Yeridilən yanlış iqtisadi siyasətin istehlakı daha da məhdudlaşdırdığı üçün XXI əsr istehsal deyil, istehlak problemi əsrinə çevrildi. İstehlak problemləri rəqabəti formalaşdıraraq yalnız kiçik həcmli firmalar arasında deyil, hətta dövlətlər arasında da qəddar ticarət və bazar qarşıdurmalarını aktuallaşdırmışdır. ABŞ və AB ölkələri BVF-dan istifadə edərək vasitəsilə istehsal etdikləri sənaye və kənd təsərrüfatı məhsullarını satmaq üçün inkişaf etməmiş ölkələrə istehsala məhdudiyyət qoymaqdan çəkinmirlər.
Son illərdə firmaların istehsaldan çox satış və reklama investisiya qoymalarının əsas səbəbi budur. Satış artıq dövrün problemidir. Kapitalistlərin id­dia etdikləri kimi hər təklif öz tələbini yaratsaydı, belə problemlər yaranmazdı. Artan məhsuldarlığın əsasında dayanan ixtiralar, elmi-araşdırma fəaliyyətləri, texnoloji yeniliklər istehsalın və məhsuldarlığın dəfələrlə artmasına imkan yaradır. Buna gö­rə də istehsal etmək istəyən, layihə sahibi olan və yeni istehsal metodları formalaşdıranlara dövlət tərəfindən faizsiz kredit verilməlidir. Həmçinin elmi-araşdırma xərclərinin də yüksək səviyyədə olmasına şərait yaradılmalıdır. Texnologiyanı təkmilləşdirən elmi fəaliyyətlər yüksək xərc tələb etdiyi üçün, onlar birbaşa dövlət tərəfindən maliyyələşdirilməli və təkmilləşmiş yeni texnologiyalar özəl sektorun xidmətinə verilməlidir.
Halbuki müasir iqtisadi modellərdə pul və ehtiyatlarla yanaşı, elm də inhisarçıların marağına uyğun məhdudlaşdırıldığı üçün fərdlər nə qədər istedadlı olsalar da məmur və işçidən başqa bir şey ola bilməzlər. Kapitalizmdə kasta sistemində olduğu kimi insan əməyini, düşüncəsini, təşəbbüskarlıq və qabiliyyətini israf edərək yox edirlər.
Pul və məlumat yardımı ilə kimliyindən asılı olmayaraq hər bir bacarıqlı insana eyni imkan hüququ yaradan Milli İqtisadiyyat Modelinin əksinə ola­raq kapitalizmin anlayışında iqtisadiyyatda pad­şahlıq modelinə əsasən kiçik bir zümrə maliyyə dəyərini ödəyərək pul sahibi olur. Çünki istehsala an­caq pula malik olan kiçik bir qrup təşkil edə bilər. Bu gün ipoteka vermək üçün müəyyən bir sərmayəyə malik olanlar banklardan faizli kredit ala bilirlər. Buna görə də pulun aksiyaya çevrilərək üzərinə maliyyə dəyərinin yüklənməsi və bazardan yığılması məhsuldarlığın artımına mane olan ən bö­yük maneədir.
Məhsuldarlığın əmək saatına düşən istehsal miqdarı olduğunu söyləmişdik. Digər tərəfdən baxıldıq­da isə məhsuldarlıq, əldə olunan ümumi istehsalın ümumi iş qüvvəsi ilə nisbəti də adlandırıla bilər. İşsizliyin və istifadəsiz əməyin mövcud olduğu şəraitdə məhsuldarlıqdan danışmaq absurddur. Misal üçün, bir cəmiyyətdə 10 nəfərdən yalnız 5-i işləyir və qalanları iş tapa bilmirsə, orada ciddi bir əmək israfı vardır. İşsiz bir cəmiyyətdə məhsuldarlıqdan danışmağa dəyməz.
Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə BVF və Dünya Bankı kimi beynəlxalq təşkilatların yeritdiyi iqtisadi siyasətin məqsədi tələbi məhdudlaşdırmaq məqsədini güddüyünə görə investisiya qoyuluşlarına mane olaraq insanların istehsal etmək istəklərini aradan qaldırmaqdan başqa bir nəticə doğurmamışdır. Bu siyasəti özündə tətbiq edən ölkələrdəki firmalar, istehsal həcmini sürətlə aşağı salaraq məhsuldarlığın azalmasına səbəb olur­lar. Eyni şəkildə məşğulluqdan və istehsaldan tu­tulan yüksək vergilərlə istehlakdan alınan dolayı vergilərin həddini aşması və müəssisələr üçün ciddi maliyyə dəyəri olan faiz istehsala mane olduğu üçün məhsuldarlıq ola bilməz. Belə olan bir halda investorlar vergilərin daha az olduğu və maliyyə ehtiyacları rahat bir şəkildə qarşılanan ölkələrə gedəcəklər.
Müasir iqtisadi siyasət məşğulluq səviyyəsini tənzimləyə bilmədiyi üçün, əmək gücündən istifadə edə bilməyən bir iqtisadiyyatın da istənilən səviy­yədə məhsuldar olmasını gözləyə bilmərik. Halbuki Milli İqtisadi Modeldə isə istehsal ilə istehlak arasında tarazlıq yaradıldığı üçün tam məşğulluq səviyyəsinə nail olunur.
Artıq qeyd etdiyimiz kimi, pulun inhisarlaşması bacarıqlı insanların deyil, pulu əlində saxlayanların istehsal imkanlarını genişləndirir və nəticədə məhsuldarlığın artmasına mane olur. Buna qarşı görülən səmərəli tədbirlər, ehtiyatların ədalətli bölgüsünə şərait yaradacaqdır. Bu gün sənayenin əsas mənbəyinə çevrilən bir çox element və enerji mənbələri 100-150 il bundan əvvəl bizə məlum deyildi. Hələ elmə məlum olmayan bir çox mənbələr də kəşf edilərək məhsuldarlığın artımına şərait yaradacaqdır.
İqtisadiyyatda imkan bərabərliyinin təminatı, fərdi bacarığın üzə çıxması və bununla əlaqədar pulun çoxalmasını Milli İqtisadi Model təmin edir. Dövlət istehsal layihəsi qarşılığında faizsiz kredit verməklə istehsal layihəsi olan hamının bu imkandan faydalanaraq fikirlərini həyata keçirməsinə şərait yaradacaqdır. Beləliklə tam imkan bərabərliyi təmin olunacaqdır. Özünə inanan, savadlı, ağıllı və yüksək keyfiyyətlərə malik olan təşəbbüskar insanlar bu yolla meydana çıxacaqdır. İnsanlar istehsal ilə əlaqədar heç bir problemlə üzləşməyəcək və fitri istedadlarını reallaşdıraraq «alan əl» deyil, «verən əl» kimi həm özlərinə, həm də cəmiyyətə faydalı olacaqdır. İstedadlı insanlar müxtəlif kəşflər edərək təbiətdə gizli qalan sonsuz ehtiyatları ortaya çıxararaq xalqın, dövlətin istifadəsinə verəcəklər. Həqiqi məhsuldarlıq da elə budur. Burada məqsəd, cəmiyyətdəki bütün insanların xüsusiyyətlərinə uyğun bərabərhüquqlu şərait yaradan bir istehsal səfərbərliyinə başlayaraq məhsuldarlığı ən yüksək səviyyəyə qaldırmaqdır.

Facebook-da MİM