27 Noyabr - Bazar ertəsi 18:49:09
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1-İstehlak

Yaxın illər istehlak problemləri və ifrat istehsal ilə müşayiət olunan illər olacaqdır. İstehsala yönələn iqtisadi modellər istehlakın əhəmiyyətini nəzərə almırlar. Pulun müəyyən əllərdə yığılması və bununla əlaqədar gəlir bölgüsündə meydana gələn uçurumlar, istehlakın tədricən azalmasına səbəb olmuşdur. Bir tərəfdən sürətlə təkmilləşən texnologiyanın köməyi ilə istehsal olunan bol məhsul, digər tərəfdən də buna cavab verə bilməyən istehlak qıtlığı ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə salmışdır. Biz istehlak ilə əlaqədar təhlilimizi hər şeydən əvvəl ona mane olan problemlərin aradan qaldırmasından və istehlakı lazımi səviyyəyə çatdırmağın yollarından başlayacağıq.

İqtisadi siyasətimizin məqsədi, istehsal ilə istehlak arasındakı tarazlıq yaratmaqdır. Buna görə də davamlı inkişafın təmin olunması üçün istehlak sahəsini dəstəkləmək lazımdır.
İstehlak bölməsində əsas məqsədimiz ehtiyacı olduğu halda onu qazana bilməyən məlum bir gəlir səviyyəsindən az gəlirli əhali kütləsini dəstəkləməkdir. Bu təbəqə ölkəmizdə əhalinin təxminən 90%-ni təşkil edir.
İqtisadiyyatımızı inkişaf etdirmək üçün istehlakçıları dəstəkləməliyik. İstehlak artmadan, bazar problemi həll olunmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyildir. Dövrümüzün ən böyük problemlərindən biri də əhalinin böyük bir qisminin istehlak qabiliyyətindən məhrum olmasıdır. Bu insanların istehlak qabiliyyətlərinin yenidən necə bərpa edilməsi məsələsi, müzakirə ediləsi aktual bir problemdir.
Lakin bu gün aparılan müzakirələr reallığı əks etdirmir. Biz, yatağında bir qaşıq suyu içməyə taqəti qalmayan xəstənin qabağına 10 boşqab yemək qoyduğumuzu düşünərək, onun neçəsini yeyib, neçəsini soyuducuya qoyacağını müzakirə edirik.
İstehlak barədə danışmazdan əvvəl, istehsaldan gələn gəlirin əldə edilən məhsulu ala bilməməsiylə bağlı vacib bir nöqtəyə toxunmaq lazımdır. Cəmi 5 nəfər işçinin və 1 sahibkarın olduğu bir misala nəzər salaq. Tutaq ki, sahibkar ayın axırında hər işçisinə 100 vahid maaş verir. İstehsal amilləri də ancaq əməkdən ibarətdir. Ayın axırında bu sahibkarın əlində ən azı 500 vahiddən də çox məhsul olacaqdır. Fərz edək ki, bu 600 vahiddir. Ayın axırında bu 500 vahidlik gəlirlə 600 vahidlik malı almaq mümkün olmayacaqdır. Müəyyən miqdarda bir istehlak kəsiri meydana gələcəkdir. Bu kəsir ortadan qaldırılmasa, tədricən azalan istehlak inkişaf edən iqtisadiyyatı tənəzzülə aparacaqdır. Bu iqtisadiyyatın inkişaf sürətinə, miqdarına və gəlir bölgüsündəki disbalansa görə gec-tez tənəzzülə uğraması və ya durğunluğa qapılması labüddür. Buna görə də gəlirin məsrəfə bərabər olması barədə söylənən fikirlər doğru deyildir. Əslində, bu aşağıdakı kimi olmalıdır:
Qrafik 13

Tarazlığın klassik təhlilində gəlirin xərcə bərabər olduğu görüşü qrafik 13-də göstərildiyi kimi yanlışdır. Çünki istehsal normal şəraitdə istehsal xərclərindən əldə edilən gəlirdən çoxdur. Digər tərəfdən əldə edilən gəlirin hamısının istehlaka getdiyini fərz etsək də gəlir ən çox özü miqdarda istehlak formalaşdıracaqdır. Nəticədə istehsalla istehlak arasında Et qədər, yəni çatışmayan istehlak qədər fərq meydana gələcəkdir.
Bu dəlillər klassik tarazlıq təhlillərinin mənasız olduğunu sübut edir və yeni tarazlıq təhlilləri aparılmasını da zəruri edir. Tarazlı şəkildə bu istehlak çatışmazlığını aradan qaldırmaq üçün az təminatlı təbəqənin gəlir səviyyəsini yüksəltmək məqsədilə hökumətlər tərəfindən sosial dövlət modeli gerçəkləşdirilməsə, mütəmadi böhranların baş verməsi labüddür.
İstehsal ilə istehlak arasında əmələ gələn bu çatışmazlığı aradan qaldırmaq məqsədilə dövlət özünün senyoraj haqqından istifadə edərək bunu sosial dövlət modeli ilə istehlakçılara təqdim etməlidir. İstehsal ilə istehlak arasında əmələ gələn fərqin iki əsas səbəbi vardır: birincisi, artıq qeyd etdiyimiz kimi struktur problemidir. İkincisi isə, pulun yığılması nəticəsində gəlir bölgüsündə meydana çıxan qeyri-tarazlıqla əlaqədardır. Gəlir strukturunun pozulması istehlak xərclərinin daha da azalmasına səbəb olur.
İstehsaldan geri qalan istehlak çatışmazlığı tədricən istehsalı da azaldır və nəticədə zəncirvari reaksiya kimi davam edərək gəlirlər, istehlak səviyyəsi aşağı düşür. İctimai xərclərin artırılması problemin müvəqqəti həllidir. Həllini gözləyən əsas məsələ isə, zəncirvari istehlak azalmasına şərait yaradan və yuxarıda qeyd etdiyimiz problemlərdir. Heç bir hesablama aparılmadan faizlə götürülən Faizli pulun ictimai xərclərə sərf olunması iqtisadiyyatı dərin bir faiz və borc bataqlığına salır və bunun müqabilində artırılan vergilər daha çox istehlak qıtlığı və eyni zamanda məsrəf inflyasiyasını yaradır. Bu isə staqflasiya adlanır.
Artıq qeyd etdiyimiz kimi bazarda istehsala uyğun müəyyən miqdarda pul olmalıdır. Lakin istehlak ancaq bazardakı pul miqdarından deyil, həm də az təminatlı əhalinin gəlir səviyyəsindən asılıdır. Pulun artması, istehlakın da eyni paraleldə artması demək deyildir. Bu pul miqdarından hamının faydalana biləcəyi miqdarda olması və onun iqtisadiyyatın bütün sahələrində dövriyyədə olması zəruri şərtlərdəndir. Ancaq bu şərtlə istehlak xərcləri bazarın tarazlaşmasını təmin edə bilər. Qısaca desək, istehlak xərclərinin təminatı üçün müəyyən qədər pulun dövriyyədə olması və gəlir bölgüsündə müəyyən bir tarazlığın yaradılması zəruridir.
Aşağıda müəyyən bir gəlir səviyyəsinə qədər fərdlər əldə etdikləri gəlirləri xərcləyirlər. Çünki onlar normal həyat səviyyəsindən aşağı gəlirə malikdirlər. Bundan sonra isə gəlirlərinin bir hissəsini ehtiyatda saxlamağa başlayırlar. Bu nöqtə ehtiyatda saxlama nöqtəsi və ya normal həyat səviyyəsi adlandırıla bilər. Bundan sonra gəlirin marjinal istehlak əyrisi azalır.
Müəyyən bir dövrdə istifadəsi mümkün olan milli gəlirin artmasının eyni ilə istehlakı da artıracağını söyləmək olmaz. Artan bu ümumi gəlir, yüksək gəlir qrupundan irəli gəlirsə, gəlirdəki artım istehlakın da bir qədər artımına səbəb olacaqdır. Gəlir artımı gəlir bölgüsündəki qeyri tarazlığı aradan qaldıra bilərsə, onda ümumi gəlirdəki artım ümumi istehlak miqdarını eyni paraleldə artıracaqdır. Buna görə də çatışmayan tələbi aradan qaldırmaq üçün aşağı gəlir qrupunun gəlir səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərilməlidir.
Milli İqtisadi Modeldə bu sosial dövlət layihəsi ilə həyata keçirilir və çatışmayan tələb az gəliri olan əhalinin gəlirləri artırılmaqla aradan qaldırılır.

 

 

Qrafik 14

 

 

Qrafik 15

İstehlakı iki hissəyə bölmək olar. Bunlardan birincisi əhalinin istehlakı, digəri isə investisiya xərcləridir. Bunların cəmi, məlum müddət içərisində edilən istehlak xərclərini bizə göstərəcəkdir. Fikirlərimizin aydın olması üçün ictimai xərcləri və xarici ticarət məsələlərini burada təhlil etmirik. Biz burada əsasən yerli əhalinin istehlak xərclərini şərh etməyə çalışacağıq.
Yerli əhalinin istehlakıyla əlaqədar aparılan analizlər, əsasən onların istifadə edə bildikləri gəlirlərini necə qiymətləndirmələrinə aid olmuşdur. Halbuki, malik olduqları gəlirin hansı formada istifadəsi deyil, normal yaşayış üçün ehtiyac duyulan gəlir nə qədər olmalıdır? – sualı daha aktualdır.
İstehlak məsələsini araşdırarkən təxmini olaraq onları gəlir səviyyələrinə görə iki qrupa ayırmaq lazımdır. Onlardan gəliri minumum səviyyədən aşağı olanlar əldə etdikləri gəlirin hamısını yəni yığım etmədən xərcləyəcəklər. Gəlirini yığmağa imkan verən gəlir səviyyəsindən çox gəliri olanlar ilə az gəliri olanların davranışları bir-birindən kəskin şəkildə fərqlənəcəklər. Onlardan bəziləri ayda 1 vahid gəlir əldə edərkən, bəziləri 100 vahid gəlir götürəcəkdir. Ayda 100 vahid qazananların gəlirinin 5 vahid artmasının istehlakda meydana gətirəcəyi artım, gəliri 1 vahid olanların gəlirlərinin 6 vahidə qalxmasının meydana gətirəcəyi istehlak xərclərindən təbii ki daha az olacaqdır. Çünki az gəlirli ailələr gəlirinin hamısını istehlaka sərf edir, yüksək gəlirlilər isə gəlirdəki artımın ancaq bir hissəsini istehlaka xərcləyirlər. Buna görə də əsas məsələ onların qənaət etmək imkanını müəyyənləşdirməkdir.
Normal şəraitdə gəlir səviyyəsi artdıqca marjinal istehlak əyrisinin maili azalmalıdır. Lakin müəyyən bir gəlir səviyyəsinə qədər marjinal istehlak maili stabilliyini qoruyur. Bu bölgə, adətən qurumuş torpağın bütün suları özünə çəkməsinə bənzəyir. Marjinal istehlakın azaldığı yer, qənaətin başlanğıc nöqtəsidir.
Bu nöqtəni müəyyənləşdirəndən sonra, ondan aşağıda olanların gəlirinin istənilən səviyyəyə çatması üçün lazım olan maliyyə həcmini hesablamaq lazımdır. Bu yığım səviyyəsinə qədər onların bütün gəlirlərinin artırılması dəstəklənməlidir. Bu eyni nisbətdə istehlak artımına səbəb olacaqdır. İnkişaf edən iqtisadi sistemdə bazara girməsi zəruri olan pul, cəmiyyətin bu hissəsinə ehtiyac duyduğu qədər göndəriləcəkdir.
Elə bir iqtisadi mexanizm təsəvvür edin ki, orada istehsal olunan hər mala bazar tapılır, eyni zamanda yeni investisiyalara ehtiyacı olan maliyyə isə sıfır maliyyə dəyəriylə istənilən miqdarda təmin olunur. Belə bir iqtisadiyyatın sürətli inkişafına nə mane ola bilər?
İndi də normal gəliri olan əhalinin davranışına nəzər salaq. Onlar gələcəyi barədə düşünərək arabir artan gəlirlərini dərhal istehlaka sərf etmədən yığmağa çalışırlar. Artan gəlir sistemli olmazsa təbii olaraq istehlakı da məlum qədər artırar.
Buradan belə bir sual ortaya çıxır: Strukturuna görə tələb təklifdən az olduğu üçün, necə olur ki, biz inflyasiya adlanan xəstəliklə üzləşirik? Diqqət etsəniz görərsiniz ki, müəyyən bir gəlir səviyyəsini təmin etmiş ölkələrin keçmişində inflyasiya prosesi ilə qarşılaşmış və hazırda da deflasiya ilə mübarizə aparırlar. Çünki keçmişdə inkişaf etmək üçün investisiya xərclərini artıran iqtisadiyyatlar bunu təmin edən təklifə malik olana qədər inflyasiya ilə üzləşmişlər. İnvestisiyalar istehsala çevrilənə qədər məlum qısa müddət ərzində bazarda məhsul az, tələb isə çox olacaqdır. Çünki investisiya xərcləri tələbi artıracaqdır. İnkişaf edən ölkələr bu tələb inflyasiyasına məruz qalmadan ötüşə bilərdilər. İqtisadi siyasətdən bəhs edərkən, bu problemin Milli İqtisadi Modeldə necə həll olunduğunu izah edəcəyik.
Başqa bir problem də maya dəyərini yüksəldən faizdən yaranır. Bundan başqa faiz ödəmələri üçün (inkişafı surətindən asılı olmayaraq) tarazlı bir şəkildə emissiyanı artıran ölkələr və ictimai xərcləri tarazlığı qorumadan artıranlar təbii olaraq inflyasiya ilə qarşılaşdılar. Ancaq iqtisadiyyatın təbii qanunları deflyasiyanın normal bir nəticə olduğunu sübut edir. İşin kökü bundan ibarət olduğu halda, səbəbi inflyasiyada axtarmaq, faiz və pulun mənasını bilməməkdən irəli gəlir.
İstehlakı artırmaq məqsədi ilə faizlə verilən kreditlər başlanğıcda istehlakı artırsa da, bu pulun faizi sonrakı aylarda əslində onsuz da aşağı səviyyədə olan istehlakı daha da azaldacaqdır. Bu bir növ ölümdən qabaq xəstənin müvəqqəti yaxşılaşmasına bənzəyir. Bədəndə qan çatışmazlığı olduğu halda kənardan bahalı vaksini almağın heç bir məntiqi izahı yoxdur. Əsl çarə, bədəndə qan toplamaqdır.
Bundan başqa texnoloji yeniliklər istehlak funksiyasının istiqamətini ən yüksək səviyyələrə qədər dəyişdirmədən artmasına səbəb olur, insan ehtiyatlarını çeşidləndirərək istehlak miqdarını daha da yüksəldir.
Milli İqtisadi Model geniş əhali kütləsinin hamısının istehlak qabiliyyətinin artırılmasını qarşısına məqsəd qoyur. Bununla əlaqədar fərdlərin gəlirini yığım nöqtəsinə qədər yüksəldən pul və maliyyə siyasəti modelin ana xəttidir. Həmçinin bu məqsəd davamlı inkişafın təmin olunması və istehsal ilə istehlak arasında tarazlığın yaradılması üçün vacib şərtdir.

Facebook-da MİM