25 Aprel - Çərşənbə 06:31:12
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3 – Faiz

Bəri başdan deməliyik ki, iqtisadi tarazlığı pozan və sərmayənin müəyyən əllərdə toplanmasına yol açaraq sosial ədalətin reallaşmasına mane olan faiz bir xəstəlik və ya iqtisadi yaradır {1, s.253-257; 2,s.238-241}. Bu gün meydana çıxan resesiya, staqflasiya, deflyasiya, inflyasiya, işsizlik və buna bənzər bir çox xəstəliklərin kökü yenə də faizdir. Hər şeydə olduğu kimi iqtisadiyyatda da qarşıya qoyulan məqsəd bazarın tənzimlənməsidir. Bir qədər sonra qeyd edəcəyimiz kimi faiz öz strukturuna görə bu tarazlığı pozub sıradan çıxaran və ya ona mane olan bir mexanizm rolunu oynayır.
İstehsal və istehlak üçün hamının cibində olması gərəkən pul faizlə birlikdə bazarda xalq arasında sərbəst dövr edə bilmir və müəyyən əllərdə yığılır. Pulun girov götürüldüyü bazar iqtisadiyyatlarında pul öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün iqtisadiyyatı tənzimləyən və onu bu vəziyyətdə saxlayan istehsal və istehlak mexanizmləri işləmir. Bunun nəticəsində isə yuxarıda adını saydığımız iqtisadi xəstəliklər meydana çıxır.
Dünyada ümumi istehsal və ticarət həcmindən dəfələrlə çox olan pul, faiz gəliri gətirmək məqsədilə bazarda dövr edir. İnkişaf etməkdə olan ölkələr başda olmaqla dünya ölkələrinin bir çoxu bir neçə iri sərmayə qrupları tərəfindən hərraca qoyulmuşdur. Əvvəl investisiya və istehsal üçün onlardan faizlə pul götürən ölkələr, müəyyən müddətdə aldıqları pulu ödəmək, sonra isə onun faizini qaytarmaq üçün yenidən borc almaq məcburiyyətində qalırlar. Nəticədə isə ölkəmizdə olduğu kimi, yığılan vergilər xalqa sərf olunmaq əvəzinə bir qrup qlobal sərmayəçilərə və onların yerli həmkarlarına axıdılır ki, bu da hər gün borcu azaltmaq əvəzinə artırır. Faizlə alınan bu pullar iqtisadiyyatın tamamilə xaricilərin nəzarətinə keçməsinə səbəb olur ki, bu da ölkələri həm siyasi, həm də iqtisadi müstəqilliyindən məhrum edir.
Faiz bəşəriyyətə istehsalçının, işləyənin deyil, pul ilə əziyyətsiz pul qazanmanın daha sərfəli olduğu bir model təklif etmişdir. Buna görə də faiz cəmiyyətləri istehsaldan uzaqlaşdırmış və beləliklə də real olmayan iqtisadi güclər meydana çıxmışdır.
Faizin iqtisadiyyatda meydana gətirdiyi təxribatları bir neçə başlıq altında ümumiləşdirə bilərik: pulun yığılması, maya dəyərini artırması, tələbi sıxışdırması, işçi maaşlarını aşağı salması və məhsuldarlığı azaltmasıdır.
Bu təxribatların başlanğıcı kimi faizin istehsal xərclərini artırmasına nəzər salaq.
Burada istehsalçı və yaxud satıcı investisiya, istehsal və ya satış üçün aldığı pulun maliyyə dəyərini istehsal etdiyi məhsul və ya xidmətdə əks etdirmək məcburiyyətindədir. Bu isə məsrəf inflyasiyasını yaradır yəni faizlər artdıqca qiymətlərin ümümi göstəriciləri də maya dəyərinə uyğun olaraq artır.
Kapitalist yanaşmaya görə bunun tam əksi olmalıydı, yəni artan faizlərin istehlakıyla əlaqədar qiymətlər ümumi səviyyədən enməliydi.
Lakin aparılan empirik tədqiqatlar bunun belə olmadığını, bir çox ölkədə faizlərin artmasıyla qiymətlərin də ümumi səviyyəsinin artmasını sübut etmişdir. Qibson paradoksu {64,s.143-146} adlanan bu vəziyyəti izah edərkən Fişer və Viksell gözlənilən inflasiyanın yaxud konyuktur qiymət artımlarının faizləri də artırdığını təsdiq edirlər.
Halbuki, qiymətlərin ümumi səviyyəsi ilə faizlərin paralel artma səbəbi yuxarıda da qeyd etdiyimiz kimi çox sadədir. Siz pulu maya dəyərinə çevirsəniz, bu istehsal edilən məhsulun maya dəyəriylə əlaqədar olaraq qiymətlərin hökmən qalxmasına səbəb olacaqdır.
Beləliklə, inflyasiya faizləri deyil, əksinə faizlər istehsal olunan məhsulun maya dəyərini yəni inflyasiyanı artıracaqdır.
A – Faizsiz istehsal tənliyi
ikən

B – Faizli istehsal tənliyi

olduğu üçün əsas tənlik:

olacaqdır. Maliyyətlər isə nisbətində artacaqdır.
Faizin digər ən mühüm təxribatı, pulun yığılaraq müəyyən əllərdə toplanmasına səbəb olmasıdır.
Bazarda dövriyyədə olan pul faizlə birlikdə qlobal sərmayəçilərin əlində yığılır və nəticədə bazarda hamının istifadə edə biləcəyi şəkildə olan və iqtisadiyyatın ən çox ehtiyacı olan istehsal və istehlakı təmin edən pul bazardan yığılıb toplananda öz vəzifəsini icra edə bilmir, tələbi məhdudlaşdıran böhran prosesi resesiya və sonra da deflyasiya ilə davam edir.
Buna belə bir misal göstərə bilərik. Hər il dünya­ya yağan yağış eynidir. Lakin bu yağış dün­ya­nın hər tərəfinə mütənasib bir şəkildə deyil, bir ye­rinə çox, digərinə az yağarsa, dünyanın bir çox ye­ri səhraya, bəzi yerləri də sel altında qalan ərazilə­rə çevrilər. Eynilə iqtisadiyyatda da dövriyyədə olan və hamının asanlıqla istifadə edəcəyi bir şəkildə bazarda olması gərəkən pul, əhəmiyyətini itirərək əsarət altında qalanda iqtisadiyyat səhraya çevrilər.
Hər şeydə olduğu kimi pulun da ehtiyatda yığılması, onun nominal dəyərini anormal formada artırır. Bu artımın iki böyük zərəri vardır: Birincisi, pulu əlində saxlayanlar bazarda kifayət qədər pul olmadığı üçün bu pulu ehtiyacı olanlara faizlə verir və eyni zamanda bundan öz siyasi məqsədləri üçün istifadə edirlər. Buna görə də borc bataqlığında əziy­yət çəkən ölkələrin BVF-nun və qlobal sərma­yə­çilərin hər istəyinə əməl etmək məcburiyyətində qalması hamımıza məlumdur.
Buna misal olaraq fərz edək ki, bir qrup insan səhrada səyahətə çıxmışdır. Bu qrupda yalnız bir nəfərdə su vardır. Digərləri isə çox güclü, qüvvətli, çalışqan və s. keyfiyyətlərə malikdir. Bu səyahət za­ma­nı hamı suyu gəzdirənə möhtac qalır. Aralarında bir yarışma təşkil olunsa, digərlərinin bütün səylərinə baxmayaraq suyu gəzdirən həmişə qalib gələcəkdir. Eynilə bu misalda olduğu kimi pulun ehtiyatda yığılması, onu özünün əsas vəzifəsini icra etməkdən məhrum edir, həm də real iqtisadiyyatı güclü təzyiq altında saxlayır. Real iqtisadiyyat bü­tün­lüklə nəğd pula əsaslanır və təbii ki, nəğd pulu əlin­də saxlayan bütün iqtisadiyyata nəzarət edir. Hal-hazırda dünya iqtisadiyyatına hökm edən güclər istehsal müəssisələri olanlar deyil, nəğd pulu kas­salarında saxlayan qlobal sələmçilərdir. Burada öz pulunu dünyaya işlədən ölkə, digər ölkələr üzərin­­də söz sahibinə çevrilir.
Pulun ehtiyatda yığılmasının digər zərərli cəhəti, nominal dəyərin üzərində formalaşan əlavə dəyərdən irəli gəlir. Yəni pul vasitəsilə (1000 YTL) pul qazananın (250 YTL) pul həcmi (1250 YTL) yüksələcək. Pul əməyin və ona bağlı olan istehsalın qarşılığı olanda və pul vasitəsilə pul qazanılanda, bazarda ümumi istehsal artmır, lakin pulu əlində saxlayanların gəliri sürətlə artır. Məsələn, bazarda ümumi mal həcminin 100 vahid olduğunu fərz edək. Başda 1000 YTL malik olan sərmayəçi bu 100 vahid maldan 10 ədədinə sahib olacaq. Pulu artandan sonra sahib olduğu mal miqdarı da artacaq, cəmiyyətin digər hissəsinin isə mövcud istehsaldan gələn gəliri azalacaqdır.
Əgər bu pulu satan şəxs onu dövlətə satıbsa, dövlət də borcunu ödəmək üçün xalqdan yığdığı vergiləri faizə çevirərək həm gəlir transferinə səbəb olacaq, həm də cəmiyyətə lazımi xidməti göstərə bilməyəcəkdir. Bu gün ölkəmizdə büdcəyə nəzər salsaq görərik ki, faizdən başqa əlavə adı ilə yığılan vergilərin rantyeyə axıdıldığı, bunun müqabilində isə hər gün investisiya, sosial və cari xərclərin azaldığı müşahidə olunacaqdır.
Əgər pulu satan şəxs onu başqa birinə satıbsa, bu şəxsin gəlirinin faizini öz hesabına keçirəcəkdir.
Kapitalizmdə pul bir mal kimi dəyərləndirilir. Bu, ev sahibinin mülkünü icarəyə verəndə kirayəçidən icarə haqqı aldığı kimi, pul sahibi də pulunu icarəyə verəndə qarşı tərəfdən müəyyən qədər kirə haqqını almasına bənzəyir. Evin kirayəçiyə göstərdiyi xidmət onun funksiyasından asılı olduğu kimi, icarə haqqı kimi ödənən pul da bu xidmətin qarşılığı hesab olunur. Faizli pul, pulun özündən deyil, onun bazarda olmamasıyla əlaqədar üzərinə gələn izafi dəyərdən formalaşır. Əgər bazarda hamının istifadə edə biləcəyi qədər pul olsaydı, əlbəttə ki, heç kim ona faiz ödəməzdi.
Xülasə, pulun ehtiyata yığılması gəlirin cəmiyyətin bir hissəsindən sərmayəçilərə köçürülməsinə səbəb olur. Sərmayəçilər əllərindəki pulun artmasıyla, cəmiyyətin digər hissəsində olan pulun azalması nəticəsində olaraq, mövcud gəlirdən təbii ki, nisbətən daha çox pay götürəcəklər.
Bu gün iqtisadiyyatın ən ciddi xəstəliklərindən olan gəlir bölgüsündəki disbalansın səbəbi də budur.
2005-ci ilin aprel ayında Türkiyə xəzinəsinin daxili borcu 236.185 Katrilyon TL idi. Halbuki 2003-cü ilin əvvəlində 149.870 Katrilyon Tl idi. Xəzinənin özəl bölməyə borcu isə 2003-cü ilin əvvəlində 70.763 Katrilyon TL olduğu halda, 2005-ci ilin aprelində 155.501 Katrilyon TL-ə çatmışdır. Yəni 30 ay içərisində artım 120% olmuşdur.
Bəs görəsən bu pula sahib olanlar, onu istehsaldan yoxsa ticarətdən götürüblər? Əlbəttə ki, yox. Hökumət dövlət daxili borclanma sənədləri çıxararaq pul çap edir. Lakin bu pul istehsala deyil, rantyeyə gedir. Çap olunan pulun müqabilində istehsal olmadığı üçün bazardakı pul – müqabili olmayan puldur. Hökumət də tələb inflyasiyasından qorxduğu və bu borcu ödəmək iqtidarında olmadığı üçün mütəmadi olaraq onu faizlə bazardan yığaraq yaranı daha da dərinləşdirir.
Nəticədə, həm vətəndaşın gəlirləri vergilərlə sələmçilərə ötürülür ki, bu da gəlir bölgüsünü pozur və gündən-günə dövləti borc bataqlığına sürükləyir, həm də dövlət hər keçən gün daha çox borc bataqlığına salınır.
Faizin yaratdığı digər təxribat isə deflyasiya xəstəliyinə gətirib çıxaran tələb çatışmamazlığıdır. Faiz bir neçə formada tələbin azalmasına səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi gəlir bölgüsündə meydana gələn qüsurlar getdikcə cəmiyyətin böyük bir hissəsinin istehlak qabiliyyətini itirməsinə səbəb olur.
Faiz borclarını ödəmək üçün vergiləri artırmaq məcburiyyətində qalan hökumət vətəndaşların cibindəki pulu bazardan yığaraq yerli əhalinin istehlak xərclərini məhdudlaşdırır.
Digər tərəfdən faiz borclarına görə ictimai xərclər də azaldığı üçün, bazarda ciddi tələb çatışmazlığı problemi yaranır. Ancaq imkanlı adam faizlə birlikdə pulunu banka qoyduğu üçün bazarda dövr edən pulun miqdarı sürətlə azalır və nəticədə deflyasiya ortaya çıxır. Bir tərəfdən məsrəf inflyasiyasının, digər tərəfdən isə deflyasiyanın paralel şəkildə ortaya çıxması staqflasiyaya səbəb olur.
İstehsal ilə pul qazanma məntiqinin təməlində dayanan «qazan, qazan» şüarıdır. Çünki siz istehsal və ya ticarət vasitəsilə pul qazananda bir çox insana iş imkanı yaradır, sadəcə özünüzə deyil, başqalarına da xeyir verirsiniz. Lakin pulu pul vasitəsilə qazanmaq «qazan itir» deməkdir. Çünki bir tərəf qazananda, digəri zərərə düşür.
Pulu pul vasitəsilə qazanmaq fəlsəfəsi yeni iş sahələri açmadığı üçün tələbi artırmır, digər tərəfdən mövcud gəlirin rantyeyə ötürülməsi ilə bazardakı tələbi sıxışdırır.
Tutaq ki, siz 20% ilə pulunuzu banka satdınız, bank da bu pulu 30% ilə istehsalçıya kredit kimi verdi, istehsalçı da bu fərq nisbətini azaltmaq üçün malın qiymətini artırdı və nəticədə satın alma gücünüz və buna bağlı olan tələb imkanınız artmış kimi görünsədə, əslində pulunuzun real dəyəri düşəcək və bazar tələbi buna paralel olaraq azalacaqdır.
Faizin yaratdığı başqa bir təxribat isə işçi maaşlarını azaltmasıdır. Faiz ilə pul götürən istehsalçı, bunu məhsulunun satış qiymətinə əlavə etmək məcburiyyətindədir.
Lakin digər tərəfdən faizlə bazardan yığılan pul gəlir bölgüsünü pozduğu və bazarda olmayan pul istehlakını azaltdığı üçün yaranan tələb çatışmamazlığıyla əlaqədar istehsalçı bir qərara gəlməlidir. Əgər bu artımı tamamilə məhsulun qiymətində əks etdirsə, onsuz da tələbin çatışmadığı bazarda satışı olmadan müflis olacaq, onu məhsulun qiymətində əks etdirməsə, onda maya dəyərindən aşağı qiymətə sataraq yenə də böhrana düşəcəkdir. Yaxud faizləri məhsulun qiymətinə əlavə edib digər istehsal malları və qismən qazancını məhdudlaşdıraraq qiymətlərin faiz səviyyəsindən daha az artmasına nail olacaqdır.
Digər istehsal amillərinə nisbətən asanlıqla azaldılması mümkün olan amil işçi maaşlarıdır. Çünki, işçiyə tələb olmayanda, maaşların təyin zamanı tərəflər arasında işverən daha çox söz sahibi olur.
Karl Marks, əlavə dəyər konsepsiyasını şərh edərək sahibkarın əldə etdiyi qazancın işçinin zəhmətindən oğurlanan əlavə (izafi) dəyər olduğunu ifadə etmişdir. Halbuki, qazanc sahibkarın həm zəhmətinin, həm də qoyduğu sərmayənin müqabilidir. Əslində burada əlavə dəyər faizdir. Faizin faydalı olduğu qənaətində olan K.Marks, sahibkarın qazancını fəhlə əməyinin əlavə dəyəri olduğunu söyləmişdir.
Ancaq, faizin özü əlavə dəyərin qarşılığıdır. Çünki faiz istər istəməz fəhlənin zəhmətinə zərbə vuracaq və beləliklə, həm zəhmətkeşin əməyinin, həm də sahibkarın qazancının bir hissəsi pulu satana ötürüləcəkdir. İlk baxışdan iki ayrı qütb kimi bir-birindən fərqli görünən kapitalizm və sosializm sistemlərinin hər ikisinin bazası faizə əsaslanmışdır. Sosial ədalət yanlız tənzimlənmiş gəlir bölgüsüylə həyata keçirilirsə, onda bunu pozan faiz mexanizmini də aradan qaldırmaq ən mühüm addımlardan biridir.
Kapitalist anlayışın iki təməl görüşü vardır: 1. klassik metod və yaxud müasir versiyada monetarist yanaşma; digəri isə likvidliyə üstünlük verən Keyns modeli. Klassik anlayışın bünövrəsini qoyan Adam Smit iqtisadiyyatın öz-özünə tənzimlənəcəyini və hər təklifin özünə müvafiq bir tələb yaradacağını düşünürdü {24}. Biz niyə bunun doğru olmadığını yeri gəldikcə izah etdik. Adam Smitin düşündüyü bu tarazlığın yaranması üçün ölkədəki bütün gəlir istehlaka ötürülməliydi. Əslində klassik anlayışda yığım investisiya xərclərinə çevrilməsini təmin edən mexanizm faizdir.
Yəni bu nəzəriyyəyə görə yığılan qənaətlərlə investisiya arasındakı əlaqə faiz vasitəsilə qurulur. Bu gün, borc verən fondlar adıyla tanınan nəzəriyyəyə görə investisiyaya gərəkən sərmayə, ehtiyata yığılan pullarla formalaşan fondlar vasitəsilə, təbii ki, müəyyən bir faiz müqabilində təmin olunur.
Klassik anlayışın məntiqi faizi iqtisadi sistemi tənzimləyən bir amil kimi dəyərləndirsə də, nəticədə ortaya çıxan disbalans, bunun yanlış olduğunu göstərmişdir.
Keyns metodunda isə, pul təklifi və tələbi arasında tarazlığı faizlə qoruyan likvidlik görüşünə üstünlük verilir{44,s.123}. Başqa sözlə desək, tələb olunan pulun qarşılanması üçün müəyyən miqdarda faizə ehtiyac duyulduğunu göstərir.
Hər iki nəzəriyyənin əsasında dayanan məntiq eynidir, yəni bu məntiqə görə bazarın ehtiyac duyduğu pul (bunu istər investisiya, istərsə də pul tələbi adlandırın) ancaq faizlə yəni maliyyə dəyəri olan pul ilə əldə oluna bilər.
Bunun nəticəsi kimi Mərkəzi Bankın bazarın ehtiyac duyduğu pulu dövriyyəyə buraxmasına ciddi etiraz edən kapitalist şüuru, eyni ehtiyacı özəl bankların faizli pul ilə təmin etməsini müdafiə edirlər.
Onlar, Mərkəzi Bankın bazarın ehtiyacı olduğu pulu dövriyyəyə buraxmasını inflyasiya adlandıraraq həmin pulun özəl banklar tərəfindən törəmə pul şəklində artırılıb faizlə verilməsinə müsbət yanaşırlar.
Tutaq ki, siz dövlət xətti ilə bir yerdə məktəb tikdirirsiniz. Lakin bu məktəbi öz emissiyanızla tikdirmək əvəzinə xaricdən, yaxud da daxildən faizlə pul götürərək tikdirirsiniz.
Kapitalizmin iqtsadi nəzəriyyəsi təlqin edir ki, faizli pul inflyasiyaya imkan verməyəcək, lakin Mərkəzi Bankın həmin miqdarda verdiyi faizsiz pul inflyasiya yaradacaqdır. Belə çıxır ki, faizli pulu görən inflyasiya susacaq, nədənsə yerli və maliyyə dəyəri olmayan pulu görəndə isə sıçrayacaqdır.
Bu məntiqlə inkişaf etmək istəyən ölkələr, bunun üçün ehtiyac duyduqları vəsaitləri sıfır dəyəri olan öz emissiyaları vasitəsilə təmin etmək əvəzinə, bu sərmayəni faizlə əldə etmək yolunu seçmiş və inkişaf yerinə tədricən borc bataqlığına düşmüşlər.
Başqa bir mövzu da məhsuldarlıq məsələsidir. Pulun ehtiyatda yığılması onun müəyyən əllərdə olmasına səbəb olduğu üçün istənilən şəxs öz bacarığından istifadə edərək ortaya sərmayə çıxara bilmir.
İstehsal, bu pulu onun dəyəri qarşılığında alan sahibkarlar tərəfindən həyata keçirilir. Yəni siz faizini ödəməyə razılıq versəniz də, müəyyən zəmanət təqdim etmədən, məsələn, 1 trilyon lirəni ala bilməzsiniz. Siz bacarıqlı və çalışqan bir sənayeçi və ya tacir ola bildiyiniz halda, indiki şəraitdə pul qazanmaq üçün iş tapmaqda belə çətinlik çəkirsiniz. Bu ona bənzər ki, atadan oğula keçən padşahlıq sistemi daha faydalıdır, yoxsa demokratik sistem?
Birinci variantda siz qabiliyyətinizdən asılı olmadan padşah oğlu deyilsinizsə, hakimiyyətə gələ bilməyəcəksiniz, eyni zamanda indiki şəraitdə bəlkə də dünyanın ən bacarıqlı iş adamı olmaq istedadına malik olmanıza baxmayaraq, sərmayədən məhrum olduğunuz üçün iş adamı olmaq bir tərəfə qalsın, hətta adi işlə təmin olunmaqda da çətinlik çəkəcəksiniz. Beləliklə, faizlə ehtiyata yığılan yalnız bazarda dövr edən pul deyil, eyni zamanda millətin bacarığıdır. Pulun sərbəst olması, bu gizli istedadları ortaya çıxararaq iqtisadiyyatda məhsuldarlığı artıracaqdır.
Əslində faiz, ancaq verənə deyil, alana da zərər verir. Çünki tədricən bazar balansını pozan faiz, bazar aktyorlarının hamısına təsir göstərən ziddiyyətli bir struktur formalaşdırır. Bu gün dünyanı hərraca qoyan qlobal sərmayəçilər oturduğu budağı kəsmiş və beləliklə, dünya xalqlarının yoxsullaşması firavan həyat sürənlər üçün də fəlakətə çevrilmişdir. Bu nöqsanlı struktur, artıq dünya iqtisadiyyatının istehsal etdikləri malları satmaq üçün bazar tapmasına mane olur. Dünyada ümumi istehsal həcmindən dəfələrlə çox miqdarda pul mövcuddur.
Milli İqtisadi Model faizi sistemdən tamamilə uzaqlaşdırır. Bununla pulun sərbəstliyi təmin ediləcək, həm gəlir bölgüsündə tarazlıq yaradılacaq, həm də istehsal problemləri həll ediləcəkdir. Bazarı maliyyə dəyəri olmayan pul ilə təmin edərək inflyasiyanın və faizlə bazardan yığılan pulun ortaya çıxardığı tələb çatışmazlığı və onun nəticəsində yaranan deflyasiyanın qarşısını almaq məqsədi güdür.

Facebook-da MİM