İnflyasiya – ən sadə tərif ilə desək, qiymətlərin ümumi səviyyəsinin yüksəlməsidir. Bu artım mal bazarlarında olduğu kimi istehsal amilləri bazarlarında da ola bilər.
İnflyasiya iqtisadiyyatın tarazlığının pozulmasından irəli gələn bir xəstəlikdir. Bu disbalansın bir tərəfində deflyasiya, digərində isə inflyasiya dayanır.
İnflyasiya ən çox sabit gəlirli sahədə gəlir itkisinə səbəb olduğu üçün gəlir bölgüsündə məsrəf tarazlığı artır.
A. Tələb inflyasiyası.
İnflyasiya iki növə – tələb və məsrəf inflyasiyasına bölünür. Adlarından da göründüyü kimi birincisi tələb artımı ilə, digəri isə istehsal xərclərinin artımı ilə əlaqədardır.
Tələb inflyasiyası haqqında kapitalist anlayışın iki əsas izahı vardır. Onlardan biri miqdar nəzəriyyəsi kimi tanınan klassik nəzəriyyə və ya müasir ifadə ilə montarist yanaşmadır. Bu nəzəriyyədə, qiymət artımları ehtiyatda saxlanılan pul qalığındakı artımla izah edilir {45,s.43}. İqtisadiyyat tam məsğulluq səviyyəsində qəbul edilir. Təklifin tələbə bərabər olduğu fərziyyəsi əsas götürülür. Halbuki, istehsal amillərinə ödənən pulun əldə edilən istehsalı satın ala bilməyəcəyini söyləmişdik. Yəni mv=py tənliyi doğru deyildir. Buna görə istehsal ilə paralel olaraq hər dövrdə emissiyanı artırmaq inflyasiyaya səbəb olması bir yana dursun, iqtisadiyyat üçün zərərlidir.
Digər yanaşma isə Keynesə aiddir. “İnflyasiya kəsiri” adlanan bu yanaşmada isə tam məşğulluq səviyyəsindən sonra ümumi xərclərdəki artım inflyasiya yaradır{8}. Hər şeydən əvvəl inflyasiyalı kəsir təhlilində tarazlıq nöqtəsi 45 dərəcəlik gəlir xərcləmə doğrusu qəbul edilir. Ancaq iqtisadiyyatda tarazlıq vəziyyəti gəlirin istehlaka bərabər olduğu nöqtə deyildir. Çünki istehsal miqdarı gəlirdən böyükdür. Tarazlıq nöqtəsi istehlakın istehsala bərabər olduğu nöqtədir.
Bundan başqa tam məşğulluq nöqtəsinə qədər ictimai xərcləri törəmə pul ilə artırmaq müəyyən bir müddətdən sonra vergi və faiz dərəcələrini artıracağı üçün həm məsrəf inflyasiyasına, həm də istehlakın azalmasına səbəb olacaqdır. Tam məşğulluq səviyyəsinə qədər istehlakın artması tələb inflyasiyası yaratmır. Burada əsas məsələ, istehlakın hansı yolla əldə edilməsidir. Əks təqdirdə daha çox xroniki bir inflyasiya forması olan məsrəf inflyasiyası ilə üzləşəcəyik.
Diqqət etsək görərik ki, hər iki kapitalist anlayışın əsası birdir. Hər ikisində də tarazlı gəlir əyriləri eynidir. Aralarındakı fərq, tam məşğulluq və qismi məşğulluq məsələlərinin təhlili ilə əlaqədardır {28, s. 296}.
Nəticə etibarıyla hər iki görüş müxtəlif ölkələrdə və müxtəlif dövrlərdə tətbiq olunmuş, amma inflyasiyanı həll edərkən nəticədə bəzən deflyasiya, bəzən də staqflyasiya ilə qarşılaşılmışdır. Bundan başqa burada əsas məsələ sadəcə inflyasiyanı həll etmək deyil, eyni zamanda inkişaf edən bir iqtisadiyyata nail olmaq məsələsi olmalıydı. Halbuki,bu günə qədər bunun həllini ortaya qoyan modellər xəstəliyə tam diaqnoz qoya bilmədiyi üçün inflyasiyanın müalicəsi başqa məqsədlərin nəzərə alınmaması ilə nəticələnmişdir.
Pulun tək yönlü olmadığını, onun iqtisadiyyata müxtəlif yer və formalarda təsir etdiyini söyləmişdik.
Pul qalıqlarının artımı istehsalın miqdarını artırmaq üçün sərf edildikdə iqtisadiyyata təsiri ilə, ictimai xərcləri maliyyələşdirmək üçün sərfin təsiri fərqlidir.
Yəni pul qalıqlarının artımını inflyasiyaya səbəb kimi görmək son dərəcə yanlışdır.
Beləliklə pulun istehsal surəti və istehlak sürəti adlanan iki yeni terminə ehtiyac vardır. Bu terminləri vahid zamanda dövriyyədəki pulun yaratdığı istehsal ilə eyni pulun eyni vaxtda istehlakda meydana gətirdiyi artım kimi başa düşə bilərik. Əgər bazara çıxarılan pul az gəlirli əhaliyə verilsə, pulun istehlak sürəti artacaqdır. Amma eyni pul istehsala qoyularsa bu zaman, həm istehsal, həm də istehlakda artım meydana gələcəkdir. Lakin istehsal artımı isteklak artımından çox olacaqdır.
Qrafik 20
Qrafik 21
Əgər bazara təqdim edilən pul gəliri səviyyəsi aşağı olan sahələrə göndərilərsə pulun istehlak sürətində artım oxunu göstərəcəkdir. Ancaq eyni pul istehsala yönədilərsə bu zaman həm istehsal, həm də istehlakda artım meydana gələcəkdir. Ancaq istehsalın artımı istehlakın artımından çox olacaqdır.
İqtisadi struktura görə, məlum istehsal həcminə uyğun gələn pul miqdarı bazarda olmalıdır. Pulun miqdarı artanda istehsalın dərhal ödəyə bilmədiyi tələb artımı baş verəcəkdir ki, bu da inflyasiyanı yaradan əsas amildir. Bu pul nisbəti ölkələr arasında fərqləndiyi kimi, ölkə daxilində də arabir fərqlənir. Əsas olan məsələ odur ki, hansı miqdardakı pul artıq tələbə, hansı miqdardakı pul isə tələb çatışmazlığına səbəb olur? Biz bu suala pul bölməsində cavab vermişdik. Təbii ki, bu pul nisbəti tədavüldən pulun harada istifadəsinə və gəlir bölgüsünün strukturuna sıx bağlıdır.
İqdisadiyyatı ümumiyyətlə tam və az məşğulluq səviyyəsinə görə iki yerə bölə bilərik.
Tam məşğulluq səviyəsinə çatan iqtisadiyyatda bazarda artan pul həcmi birbaşa istehlak xərclərini artırmaq (məsələn, ictimai xərcləri qarşılamaq) üçün istifadə edilsə, inflyasiyanın baş verməsi labüddür. Əgər bu nöqtədə artan pul həcmi bilavasitə investisiyalar şəklində dolayısı ilə istehsalın artımına sərf edilsə, orta müddətdə artan istehsal qətiyyən tələb inflyasiyası yaratmayacaqdır. Qısa müddətdə gerçəkləşdirilən bəsit bir maliyyə siyasəti ilə bu dövrü inflyasiyasız keçirmək mümkündür.
Məşğulluğun aşağı səviyyədə olduğu bir dövrdə isə artan istehlak həcminə istehsalın dərhal cavab verməsi asanlaşacaqdır.
Yəni istehlakı çoxaldan pul həcmindəki artım inflyasiya yaratmayacaqdır. Ancaq sərmayə başda olmaqla istehsalı təmin edən amillərin birində yaranan maneə istehsalın artım sürətini ləngitdiyi üçün hökmən inflyasiyaya səbəb olacaqdır.
Pul çapının inflyasiyaya səbəb olması fikri sadəcə tam məşğulluq şəraitində yalnız istehlaka sərf edilən pul üçün spesifikdir.
Digər tərəfdən faizlə bazardan pulu toplayıb tələbi azaldaraq, inflyasıyanın qarşısını almaq yolu da kökündən səhvdir. Bir azdan toxunacağımız məsrəf inflyasiyasının əsas səbəbi bu faizlə borclanmaya bağlıdır. Dövlətin faizlə borc götürməsi nəticəsində sələmçiyə verilən dövlət daxili borclanma sənədləri sayəsində pul həcmi istehsala uyğun gəlmədən artır. Məsələn, 20%-lə bir il sonra 100 vahid pul 120 vahidə çıxır. Artan pul həcmi mal və xidmətin həcmini artırmır. Bu 120 vahidlik pul bazara daxil olanda, tələb inflyasiyasından qaçmaq mümkün olmayacaqdır. Bu pulun davamlı dövriyyəyə girməməsi üçün yenidən faizlə bunu toplamaq da mümkün deyildir. Çünki pulunu satanlar hər il gəlirləri artdığı üçün pullarının hamısını faizdə saxlamaq fikrindən əl çəkə bilərlər.
İnflyasiyadakı artımın faiz nisbətini artırdığı fikri səhvdir. Əslində həqiqət tam əksinədir. Faiz həm məsrəf, həm də tələb inflyasiyasına səbəb olur. Faiz inflyasiyanı əmələ gətirir, inflyasiyanın səviyyəsi isə faiz dərəcəsini yanlış pul siyasəti həyata keçirildikdə yüksəldir.
Ölkəmizdə son vaxtlarda istehsal yerinə pul ilə pul qazanılması modelinə üstünlük verildiyi üçün yüksək tələb inflyasiyası yaranmışdır. Son illərdə bunun qarşısını almaq üçün daha yüksək real gəlirlərlə dövriyyədən cəkilən pul isə məsrəf inflyasiyasına səbəb olur.
B. Məsrəf inflyasiyası.
İnflyasiyanın ikinci səbəbi isə məsrəflərdir.
Məsrəf inflyasiyası xammal qiymətləri, enerji xərcləri, sığorta mükafatları, vergilər və kredit faizlərindəki artım və ya işçi maaşlarında meydana gələn artımla əlaqədardır.
İqtisadiyyatda tələb artmadan da maya dəyərindəki artımla əlaqədar inflyasiya mümkündür. Bəs maya dəyəri nəyə görə artır?
Kapitalizmdə işçi maaşlarındakı artım dolayısıyla həmkarların təsiri ilə əlaqədardır {20}.
Lakin sadəcə işçi maaşlarında meydana gələn bu cür artım inflyasiya yarada bilər, amma bu onun ümumi iqtisadiyyatda hələ davamlı olması demək deyildir. Hər şeydən əvvəl işçi maaşlarının istehsalda səviyyəsi hər gün texnologiya ilə birlikdə daha da aşağı düşür.
Məsrəf inflyasiyası tam məşğulluq səviyəsində olmayan iqdisadiyyatlarda da ortaya cıxdığı üçün qismən məşğulluq səviyyəsində maya dəyərini yüksəldəcək dərəcədə əmək haqlarının artımını gözləmək məntiqli deyildir. Əslində işçiyə tələbin az olduğu bir şəraitdə qiymətlərin artmasını düşünmək son dərəcə mənasızdır.
Məsrəf inflyasiyanın səbəbi xammal artımlarını nəzərə almadan faiz dərəcələrinin büdcə kəsirlərinin törəmə pullarla ödənilməsi qaydasıdır.
Məsələn bir istehsalçı 30%-lə borc almışsa bunu mütləq məhsulun maya dəyərinə salır. Kreditlərin faiz nisbəti qədər maya dəyərinin yüksəldilməsi qaçılmazdır. Digər tərəfdən faizlə borc alan hökumətlər məlum müddətdən sonra həmin borcu ödəmək üçün vergiləri artırmağa məcburdur. Bu istehsalçı üçün həm müəssisələrdən alınan vergini, həm də məşğulluq vergisinin artması deməkdir. İstehsalçı bunları maya dəyərinə salmağa məcburdur.
Beləliklə, məsrəf inflyasiyasının əsl səbəbi ölkələrin emissiya etmək əvəzinə xarici və ya faizli yerli pula üstünlük vermələridir.
Ölkəmizdə son illərdə ən çox yayılan inflyasiya növü məsrəf inflyasiyasıdır. Bu aşkar həqiqəti nə BVF, nə də onun dediyini həyata keçirən iqtidarlar görməmişlər. Sanki ölkəmizdə tələb inflyasiyası varmış kimi pul bazardan çəkilərək tələbi sıxışdırmışdır. Yüksək faizlə bazardan çəkilən pul müqabilində vergi dərəcələri artırılmaq məcburiyyətində qalaraq birbaşa maya dəyərinin daha da artmasına səbəb olmuşdur. Digər tərəfdən tələbi azaldan maliyyə və pul siyasəti ölkəmizi resesiya prosesinə salmışdır.
BVF-nun bizə inflyasiyanın qarşısının alınması üçün tövsiyyə etdiyi bazardan pulun yığılması, büdcə xərclərinin məhdudlaşdırılması, vergilərin artırılması və faizdən əlavə olan gəlirlərin qarşısının alınması məqsədləri əslində ölkəmizə pul satan qlobal sələmçilərin pullarının zəmanətə götürülməsindən və daha çox pul satmaları üçün şərait yaradılmasından başqa bir şey deyildir.
Bu gün ölkəmizin ən əsas problemi işsizlik problemidir. Bununla əlaqədar olaraq real inkişaf əvəzinə inflyasiyanın qarşısını almaq şüarı altında yanlış diaqnoz qoyulduğu üçün nə inflyasiyanın qarşısı alınmış, nə də gənc əhali təbəqəsinə iş və maddi təminat imkanı verilmişdir.
Ölkə iqtisadiyyatında texniki olaraq inflyasiyanın nəzarətdə saxlanılmasını yeganə məqsəd kimi qarşıya qoyulması son dərəcə səhv addımdır.
Məqsəd, iqtisadiyyatın məşğulluq səviyyəsini yüksəltmək istiqamətində davamlı inkişafı təmin etməklə bağlı olmalıdır. Bu inkişaf əsnasında bazarda müvafiq pul həcminin olması zəruri olan dərəcədə və hamının ona sahib olması şəraiti yaradılaraq iqtisadiyyatın inflyasiyaya və ya deflyasiyaya məruz qalmasının qarşısı alınmalıdır.