19 Mart - Çərşənbə axşamı 11:38:08
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2. Milli İqtisadi Modeldə insan

İqtisadi siyasətlərin məqsəd və məzmununu təşkil edən insana daha gözəl həyat və rahatlıq bəxş edilməlidir. Əlbəttə, bunun üçün insanı olduğu kimi tanımaq lazımdır. Əks təqdirdə, iqtisadi modelin doğru nəticələr əldə etməsi mümkün deyildir.
Təəssüflər olsun ki, məlum iqtisadi modellər insanı öz sistemlərinə uyğun olaraq başa düşürlər. Məsələn öz mənfəətlərini ən yüksək səviyyəyə qaldırmaq məqsədini güdən kapitalizm modeli «homo economicus» (iqtisadi insan) üzərində inşa edilmişdir. [4, s. 14] Əslində insanın təbiətindən irəli gələn, real xüsusiyyətlərinə cavab verən bir iqtisadi model yaratmaq lazım idi. Elə isə, Milli İqtisadi Modelin izahına əvvəlcə insana tərif verməklə başlayaq:
İqtisadi baxımından insan nədir?
Bütün iqtisadi modellər insan ehtiyaclarının sonsuz olması ilə əlaqədar yanlış fikir üzərində qurulmuşdur. Əslində sonsuz olan insanın ehtiyacları deyil, tamahıdır, nəfsidir.
Doymayan insanın qarnı deyil, gözüdür. [2, s. 128] Lakin bu günə qədər insanın ehtiyacları qeyri-məhdud, ehtiyatlar isə məhdud hesab olunmuşdur. Ehtiyatlar qeyri-məhdud, insan ehtiyacları isə məh­dud­dur. Bu, dövrümüzə qədər tətbiq olunan iqtisa­di modellərin və siyasətlərin inanılmaz səhvlərin­dən irəli gəlir.
Həqiqət budur ki, insanın yemək, içmək, isinmək, geyinmək, sığınmaq və.s. kimi çox mürəkkəb olmayan məhdud ehtiyac standartları olduğu kimi insanın bu ehtiyaclarını ödəmək üçün dünya üzərində yüzlərlə, minlərlə məlum olan və məlum olma­yan ehtiyatlar mövcuddur.
Kapitalist iqtisadiyyatının baniləri, başda Maltus kimi bədbin iqtisadçılar olmaqla ehtiyacları qeyri-məhdud, ehtiyatları isə məhdud gördükləri üçün əhalinin sayının müəyyən bir səviyyədə saxlanılmasına cəhd etmişlər. Beləliklə, doğum üzərində nəzarət belə iqtisadi modellərin nəticəsi kimi qarşımıza çıxmışdır. [46, s. 31] Həmçinin imperiyalar da ehtiyatların məhdud olduğu yanlışlılığını qəbul edərək, bəşəriyyətə yetməyəcəyi nəticəsinə gəlmiş və onları öz nəzarətləri altına almaq üçün dünyanı qana bulamışlar. Əlbəttə, müstəmləkəçiliyin yeganə səbəbi bu deyildir. Ancaq bu düşüncə yanlış olaraq ehtiyatların məhdudluğu, ehtiyacların isə qeyri-məhdudluğu fikrinə əsaslanır. Əsas prinsip kimi istehsala cavab verən tələbin formalaşması məqsədinə çatılması qəbul edilmişdir. Bu zaman iqtisadi modellər əksinə olaraq məsələnin həllini tələbin məhdudlaşmasında görmüşlər. Nəticədə insanlıq varlı dövlət içində yoxsulluq çəkmişdir.
İnsanla əlaqədar digər bir məsələ də fərdlərin davranışlarının hansı şərtlərlə və nə dərəcədə cəmiyyətin mənafeyinə pay verməsidir.
Görəsən tamamilə sərbəst və şərtsiz buraxılan fərdlər iqtisadiyyata hansı şəkildə təsir edərlər? Bu iqtisadiyyatın inkişafına, yoxsa iqtisadiyyatda tarazlıqların pozulmasına səbəb olar?
Bütün canlı və cansız varlıqlar müəyyən qanunlara bağlıdırlar. Bir səhər yataqdan qalxanda Ayın başqa bir orbitdə olduğunu görməyimiz mümkün olmadığı kimi, qoyunun ot yerinə ət yediyini görməyimiz də mümkün deyildir. İnsandan başqa bütün canlı və cansız varlıqlar müəyyən şərtlər çərçivəsində mükəmməl bir nizam içərisindədirlər. Təbiətdə, insanın müdaxilə etmədiyi obyektiv hadisələrdə mükəmməl bir nizam mövcuddur. Ancaq bu şərti eyni ilə insana tətbiq etmək son dərəcə yanlışdır. Çünki insan bu varlıqlar içərisində iradə və azad seçim sahibi olan tək varlıqdır. Bir elektronun öz istəyi ilə istiqamətini dəyişərək nüvəylə toqquşması və nüvə partlayışına səbəb olması mümkün deyildir. Amma hər bir insan hər zaman öz seçimini həm öz xeyrinə, həm də cəmiyyətin xeyrinə istifadə edə bilərmi? Bütün insanlar üçün bu suala «Bəli» demək, əlbəttə ki, mümkün deyildir. İstisnalar da qaydanı pozmaz. Xüsusilə, cəmiyyətin mənafeləriylə şəxsi mənafelər toqquşanda fərdlərin cəmiyyətin mənafelərini düşünməsi nadir hallarda baş verən hadisədir. Məlumdur ki, axşam hamının evinə tez getmək üçün tələsməsi yollarda tıxacların yaranmasının başlıca səbəbidir. Və ya ara qarışanda hamının bir nöqtəyə cəmləşməsilə yaranan qaçınılmazdır.
Əslində kainatda nə qədər təbii bir nizam varsa, insanı maraqlandıran davranışları müsbət mənada yönləndirilmədikdə fərd ilə cəmiyyət mənafeləri arasında da tarazlıq bir o qədər pozulacaqdır. Diqqət etsək görərik ki, sosial həyatda ən sadə hadisələrdə belə fərdin həyatını nizamlayan istər hüquqi, istərsə də əxlaqi bir çox qaydalar mövcuddur. Evimizdə istədiyimiz kimi radionun səsini sonuna qədər qaldıra bilməməyimiz buna ən sadə misaldır. İnsanların bəzən verdikləri qərarlarla özlərinə belə zərər vermələri məlum bir həqiqətdir. Narkotika və spirtli içki düşkünlərinin həyatı göz qabağındadır. Özünə də zərər verə bilən insanın hər zaman cəmiyyətin xeyrinə addım atacağını söyləmək absurddur.
Liberalizm insanla əşyanı eyniləşdirərək təbiətdəki nizamı insana da aid etmişdir. Halbuki yaradılışı etibarilə insan öz içərisində davamlı mübarizə edir və dəyişir. Bu mübarizədə tərbiyə olunması zəruri olan insan əksinə, tamamilə özbaşına qalanda, öz mənafeyindən başqa heç bir ölçü tanımadığı üçün çox rahatlıqla bank soyar, dövlət əmlakını mənimsəyər, hətta insanlar acından ölsə belə əlindəki ərzağı baha satmaq üçün yığıb saxlayar.
Bu gün liberalizm adı altında insana təqdim edilən sərbəstlik cəmiyyətin böyük bir hissəsinin aldanmasına və qanunsuz (kölgə) iqtisadiyyatının ortaya çıxmasına səbəb olmuşdur. Məsələnin başqa tərəfi də var. Liberalizmi əldə tutaraq bazarlar üçün ən uyğun anlayışın tam sərbəstlik olduğunu mü­dafiə edənlər, öz mənafeləri ortaya çıxanda bir çox qanunları pozurlar. Xatırlayın, liberalizm adı altında bu gün Türkiyədə kənd təsərrüfatı məhsullarına və Mərkəzi Bankın xəzinəyə borc verməsinə qoyulan qadağalar, yerli istehsalın dəstəklənməsinə qoyulan məhdudiyyətlər və daha yüzlərlə misal mövcuddur. Deməli, sərbəst bazar adı altında cəmiyyəti bir neçə adamın nəzarəti altına salmaq əvəzinə, cəmiyyətin hər fərdini qoruyub himayə edən bir iqtisadi modeli həyata keçirmək lazımdır. Çün­ki, güclünün qarşısında zəifin qorunmaması nəticəsin­də bütün iqtisadiyyatın zərər görməsi qaçınılmazdır. Diqqət etsək görərik ki, inhisarçı bazarlarda heç vaxt istənilən məhsuldarlığın əldə olunmama­sının səbəbi də fərdi seçimlərin ümumi mənafelərin önünə keçməsidir.

Facebook-da MİM