19 Mart - Çərşənbə axşamı 09:29:33
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

3-Dəyər və qiymət

İstehsal olunan mal və xidmətin iki cür dəyəri vardır. Bunlardan birincisi normal dəyər, digəri isə bazarın formalaşdırdığı dəyərdir. Buna bazar qiyməti deyə bilərik. İstehsal olunan mal və xidmətin normal dəyəri, məhsulun faydasıyla və ona olan tələbatla müəyyənləşir.
İstehsal amillərinin pul ilə hərəkətə gətirilməsi nəticəsində əldə olunan mal və xidmətin normal dəyəri, iqtisadiyyatda tarazlığın təmin olunduğu balans şəraitdə əmələ gəlir. İstehsal ilə istehlakın kəsişdiyi nöqtədə, yaxud istehlak təklifi istehsal təklifi ilə tarazlaşanda istehsal edilən məhsul və xidmətin qiyməti normal dəyərdir. İstehsal olunan mal və xidmətin normal dəyərindən az, yaxud çox olan bazar dəyərinə, bazar qiyməti deyilir. Normal dəyərlə satılan məhsul və xidmətdən götürülən mənfəət normal qazancdır. İstehsal ilə istehlak arasındakı tarazlıq pozulanda normal qazanca mənfi təsir göstərir. Bazarda tələb məhdudluğu mövcuddursa, başqa sözlə bazar istehlak qabiliyyətini itiribsə, deməli, tələb təklifə cavab verə bilmir. Mal və xidmət bazarda normal qiymətindən aşağı bir qiymətlə satılacaq və onun bu qiyməti müəyyən vaxtdan sonra istehsala da mənfi təsir göstərəcəkdir. Bu proses davam edərsə, iqtisadiyyatda resesiya və deflyasiyanı əmələ gətirəcəkdir. Bazarlarda tələb çoxdursa, təklif tələbə cavab vermirsə, mal və xidmət normal dəyərindən çox baha qiymətə satılacaq və bu proses bahalığa yəni inflyasiyaya səbəb olacaqdır. İstehsal olunan mal və xidmətin normal dəyərindən aşağı və ya yuxarı qiymətə satılması iqtisadi disbalans və böhrandan xəbər verir.
Kapitalizmin iqtisadi modelində bildirilir ki, mal və xidməti meydana gətirən istehsal amilləri xammal, torpaq (renta), əmək və puldur. Burada pul istehsalda maliyyə dəyəri olan pul istehsal, istehlak amillərinin hər birinə əlavə yük gətirir. Halbuki, mü­qabili olanda dəyər qazanan, mal və xidmət for­ma­laşdırma funksiyasını daşıyan, nəticədə yaranan də­yərin də müqabili olan pulun maliyyə dəyəri olma­malıdır.
Diqqətlə baxsaq görərik ki, istehsal amillərini təşkil edən xammal, torpaq və əməyin özünəməxsus bir dəyəri vardır. Mal və xidmət istehsalında maliyyə dəyərini artırmayan, istehsal və xidmət amillərini hərəkətə gətirən «fəaliyyət mənbəyi» olan pulun öz dəyərini isə bazar müəyyənləşdirir. Buna görə də Milli İqtisadi Modeldə təhrik funksiyasını icra edən və «fəaliyyət mənbəyi» vəzifəsini yerinə yetirən pulun maliyyə dəyəri yoxdur. Əməyə təhrik edərək istehsal amillərini işlədən pul, istehsal etdiyi mal və xidmətlərin müqabilidir.
Bir malın normal dəyəri, onun maya dəyəri ilə qazancının cəmindən meydana gəlir. İstehsal amillərindən biri olan sərmayə faizlə əldə edilirsə (kapitalizmin iqtisadi sistemində dövriyyədə olan pulun maliyyə dəyəri vardır), mal və xidmətin maya dəyəri də artacaqdır. Nəticədə, maliyyə dəyərində meydana gələn bu artımın bir hissəsi maaşlara, bir hissəsi istehlakçıya, qalan hissəsi də sahibkarın qazancına öz mənfi təsirini göstərəcəkdir.
Milli İqtisadi Modelin mikro təhlillərində pulun ma­liyyə dəyəri yoxdur. Qazanc, sahibkarın həm əmə­yinin, həm də girdiyi risqin nəticəsidir. Qazancın nisbəti cəmiyyətin sosial strukturuna, mal və xidmətin istehsal olunduğu sektora bağlı olaraq rasional bir səviyyədə qalmalıdır.
İnsan heç bir şeyi yoxdan düzəltmir. İqtisadi mo­dellərdə vurğulandığı kimi dəyərin əsas mənbəyi insana bəxş olunan kainat, xüsusilə Yer kürəsidir. İstehsalın əsas ünsürlərini təşkil edən torpaq, yeraltı təbii ehtiyatlar, su, dəniz, od, külək və s. kimi mən­bələr istehsalın əsas ünsürüdür. Onlar insanın is­tifadəsinə təqdim olunmuşdur. Əmək, ehtiyatlarla müəyyən bir istehsal üçün birləşəndə, mal və xidmət istehsal olunur. İstehsal olunan malın maya dəyərini kapital qoyuluşları və istismar xərcləri müəyyənləşdirir. İnvestisiya xərcləri başlanğıcda həyata keçirildiyi üçün məlumdur. İstismar xərcləri isə istehsal amillərinin qiymətləri və vergilərlə əlaqədar olduğu üçün dəyişkəndir.
Müəyyən bir istehsal planı çərçivəsində investisiyadan istifadə edərək dəyər yaradır. Əmək təklifinin dəyəri maaşlardır. İşçilərin əmək haqqı, onlara verilən pulun istehsala birbaşa təsir edəcəyi nəzərə alınaraq dəyərləndirilməlidir. Maya dəyərinə əlavə olunan işçi maaşları işçilərin istehlak tələbinə lazımi səviyyədə cavab verməli və gördükləri işə görə ləyaqətli bir həyat təmin etməlidir.
İstehlakı və təklifin tələbə bağlılığını müdafiə edən Milli İqtisadi Modeldə tam məşğulluq təmin olunur. Belə şəraitdə istehsal olunan mal və xidmət həqiqi dəyəri ilə bazarlara çıxarılır.
Burada diqqəti çəkən məsələ, normal qazancın əmələ gəlməsi üçün zəruri olan iqtisadi tarazlığın təmin olunmasına baxmayaraq, istehsalçılar istehsal edilən mal və xidmətin dəyərindən artıq qazanc əldə edirlərsə və ya ehtiyata yığaraq qara bazar yaradırlarsa, bu iqtisadi tarazlığa kənardan müdaxilə olunduğunu göstərir. İstehsalçının normal qazancına mənfi təsir göstərən, bazarların fəaliyyətinə maneçilik törədərək malı dəyərindən artıq qiymətə satılmasına şərait yaradan müdaxilələri ortadan qaldırmaq iqtisadi bir zərurətdir.

Facebook-da MİM