19 Mart - Çərşənbə axşamı 02:59:03
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

4 – Gəlir bölgüsündə disbalans

İqtisadi siyasətin ən ümdə vəzifələrindən biri də gəlir bölgüsünün ədalətli bir formada yerinə yetirilməsinə şərait yaratmaq və fərdi gəlirlər arasındakı fərqi minimuma endirməkdir.

Gəlir bölgüsünün düzəldilməsi sosial ədaləti təmin etməklə yanaşı, ölkə iqtisadiyyatı üçün davamlı inkişafın təməlini də təşkil edir. İqtisadiyyatda bazarın inkişafı, yəni istehlak artımı fərdi gəlirlərin tarazlı artımını təmin edir. Bu baxımdan əsas ehtiyaclarını təmin edə bilməyən az gəlirli insanların müdafiə olunması, nəinki gəlir bölgüsündəki disbalansı aradan qaldırır, hətta istehlakı artıraraq davamlı inkişafı təmin edir.
Heç bir zaman bütün insanların gəlirləri eyni səviyyədə olmamışdır. Əslində ideal da bu deyildir. Bütün cəmiyyətlərdə təbii olaraq yüksək gəlirə malik olanlarla yanaşı, az gəlirə malik olanlar birgə yaşamışlar. Mühüm olan fərdi gəlirlər arasında ictimai əlaqələri pozan uçurumun formalaşmamasıdır. Lakin mövcud iqtisadi modellərin qüsurlu praktikaları aclıq həddindən aşağı səviyyədə yaşayanlarla, təmtəraqlı bir həyat tərzi keçirənlərin birlikdə yaşadığı ziddiyyətli bir cəmiyyət modeli yaratmışdır. Nöqsan buradadır.
Gəlir bölgüsünün pozulması nəticəsində cəmiyyətin böyük bir hissəsi qida, geyim, yaşayış yeri, təhsil, səhiyyə, gediş və s. əsas ehtiyaclarını təmin edə bilmədiyi halda, gəlirin böyük bir hissəsini müxtəlif yollarla ələ keçirən az saylı varlılar təbəqəsi isə iqtisadi problemlər yaratmaqla yanaşı, sosial təxribatlara da səbəb olurlar.
Məsələn, Türkiyədə Dövlət Statistika İnstitutunun (DSİ) verdiyi məlumatlara əsasən 2003-cü ildə əhalinin ən kasıb təbəqəsinin 10%-i gəlirin 1,9 faizini aldığı halda, ən varlı təbəqəsinin 10% isə gəlirin 30,6 faizini alır {56}. Bu mənzərə çox kasıb və çox varlının 10%-nin gəlirdən aldığı paylar arasında 18 dəfə fərq vardır. Gündəlik gəliri 4,3 dollardan az olanların nisbəti 2002-ci ildə 30,3 %-dir {57}. Sıfıra yaxınlaşanda gəlir bölgüsündə ədaləti, 100-ə yaxınlaşanda isə ədalətsizliyi göstərən «Gini əmsalı» DSİ tərəfindən 2003-cü il üçün 42% olaraq hesablanmışdır.
Dünyanın digər ölkələrində də vəziyyət bundan fərqlənmir. Qloballaşma adı altında inkişaf etmiş ölkələr müxtəlif maliyyə oyunları və çıxartdırdıqları qanunlarla az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qaynaq və gəlirlərini istismar edərək özlərinə ötürürlər. Kapitalist sisteminin nəticəsi olaraq 1998-ci ildə 973,7 milyon nəfər gündə 2 ABŞ dollarından, 352,9 milyon nəfər isə gündə 1 ABŞ dollarından az gəlir əldə edir {59}. Həmin ildə dünya əhalisini 5.240 milyard olduğu nəzərə alındıqda fəlakətin böyüklüyü daha aydın başa düşülür. Əsasən Afrikada, Şərqi və Cənubi Asiyada, Cənubi Amerikada aclıq həddində yaşayan insanlar təbii ehtiyatlardan məhrum olduqları üçün deyil, qlobal güclər tərəfindən istismar olunduqları üçün bu vəziyyətə düşmüşlər. İnkişaf etmiş hesab olunan ölkələrdə belə gəlir ədalətsizliyini ifadə edən «Gini əmsalı» son dərəcə yüksəkdir. Bu əmsal 2000-ci ildə ABŞ-da 40,8 İngiltərədə 1999-cu ildə 36, Almaniyada isə 2000-ci ildə 28,3-dür {60}.
Yenə 1993-cü ildə dünyadakı ən zəngin 1% əhali ümumi gəlirdən 9,5% pay aldığı halda, ən kasıb 10% əhali 0,8% pay alır. Burada fərq 100 dəfədən çoxdur {61}.
Buna görə kapitalist modellərin aradan qaldıra bilmədiyi problemlərdən biri də, onun təbiətindən irəli gələn gəlir bölgüsündə disbalansdır. Bunu doğuran amillər tədqiq ediləndə, hər şey aydın olacaqdır.

A – Gəlir bölgüsünü pozan amillər

Liberalizmin «qoy etsinlər, qoy keçsinlər» prinsipinin kapitalizm adıyla iqtisadi bir sistem kimi özünə yaşamaq imkanı qazanmasıyla gəlir bölgüsü pozulmuşdur. Onlar buna, dövlətə və pula verdikləri təriflərlə, funksiyalarla da nail olmuşlar. Liberalizm anlayışına görə dövlət, təhlükəsizliyə, asayişə, iri həcmli sosial investisiyalara və buna bənzər işlərlə məşğul olmalı, iqtisadiyyata və ticarətə müdaxilə etməməlidir {4}. Dövlətə verilən bu rol nəticəsində ictimai xərclərin həcmi artmış, bu xərclərin maliyyələşməsi üçün dövlətlər yüksək faizli daxili və xarici borclardan əldə etməyə üstünlük vermişlər. Daha sonra alınan borcların heç faizini ödəməyə gücü çatmayan dövlətlər xalqdan yığılan yüksək vergilər hesabına sərmayəçilərə olan borclarını ödəyir və borc bataqlığından qurtula bilmirlər. Faizlə satın alınan pullar vergilərlə ödənəndə, cəmiyyətin böyük bir hissəsinin gəliri çox kiçik bir qrupun cibinə axır. Qlobal sərmayə qrupları bu məntiqlə ölkələri hərraca qoyaraq onların qaynaq və gəlirlərini faizlə birlikdə mənimsəyirlər.
Digər tərəfdən, müstəqilliyi müdafiə edilən və dövlətin nəzarətindən çıxarılan Mərkəzi Banklar, qlobal sərmayənin mənfəətinə xidmət edən təşkilata çevrilmişdir. İnkişaf etməkdə olan dövlətlər senyoraj gəlirindən imtina edərkən, başda ABŞ olmaq şərtilə bütün inkişaf etmiş ölkələr öz pullarıyla bu emissiya çatışmamazlığını aradan qaldıraraq inkişaf etməkdə olan ölkələrin əmək və istehsalını mənimsəyirlər. Senyoraj hüququndan istifadə edən və öz pulunun dövriyyəsini dünyada genişləndirən ölkələr arasında ABŞ birinci yerdə dayanır.
Gəlir bölgüsündə disbalans yaradan əsas səbəblərdən biri də pulun faizlə müəyyən əllərdə yığılmasıdır. Bu, bazarda hamının ehtiyac duyduğu anda istehsal və istehlak fəaliyyətini gerçəkləşdirmək üçün pul tapa bilməməsi, pulun müəyyən əllərdə yığılmasına və nəticədə gəlir bölgüsündə disbalansa səbəb olur. İstehsal ilə pul qazanmaq əvəzinə, pul vasitəsilə pul qazanmağı təşviq edən modellər, faiz sistemlərinə əsaslandıqları üçün gəlir disbalansını ortaya çıxarırlar.
Özəlləşdirmə adı altında dövlətin ən varlı və strateji müəssisələrinin bazar qiymətindən çox aşağı bir dəyərə satılması, dövlətin transmilli şirkətlərə təhvil verilməsinə şərait yaratmışdır. Qlobal güclər, aldıqları bu müəssisələr vasitəsi ilə ölkənin zənginliklərini xaricə aparırlar. Halbuki xaricə daşınan bu cür yeraltı və yerüstü sərvətlərin dövlət-xalq əməkdaşlığı şəraitində istifadə olunması, hamının bu zənginlikdən faydalanmasına şərait yaradardı.

 

B – Milli İqtisadi Modeldə gəlir bölgüsü

Milli İqtisadi Modelin pula və dövlətə verdiyi tərif və müəyyən etdiyi vəzifələrlə, gəlir bölgüsündəki nöqsanları əks etdirən mövcud iqtisadi modellərdən tam fərqli və yeni bir modeldir. Dövlətin başlıca vəzifələrindən biri olan senyoraj hüququndan istifadə edərək ölkə daxilində kifayət qədər yerli pulun dövriyyədə olmasına və bazarda hakim mövqe tutmasına şərait yaratmalıdır. Beləliklə, xalqın zəhmətiylə əldə olunan gəlirlər sosial dövlət layihəsi əsasında yenidən xalqın ehtiyaclarına sərf olunmasıyla əlaqədar əldə edilən gəlirin həm ölkədən çıxmamasına və hamının istifadə etməsi üçün ədalətli bölgüsünə imkan yaranacaqdır. Buna görə də dövlət Mərkəzi Banklar və BVF tərəfindən deyil, milləti təmsil edən siyasi güclər tərəfindən idarə olunmalıdır. Dövlət həmçinin hakim bir iradə kimi bazarı tənzimləməli və onun qlobal güclərin əlinə keçməsinə imkan verməməlidir.
Sərbəst bazar iqtisadiyyatı adı altında bazarın və ondan götürülən gəlirin xarici sərmayəçilərin əlinə keçməsinə mane olan dövlətlər, həm gəlir mənbələrini, həm də pulu sərbəst buraxaraq fərdlərə bərabər imkanlar yaradır və əldə edilən gəlirləri ədalətli şəkildə bölüşdürürlər.
Tələb edən hər bir vətəndaşa layihə müqabilində faizsiz kreditin verilməsi pulun inhisarlaşmasının qarşısını aldığı kimi, milli gəlirin də ədalətli bölgüsünə şərait yaradacaqdır.
Tapılmayan puldan hamı istifadə etmək imkanı qazansa, gəlir mənbəyinin əhatə dairəsi genişlənəcək və istehsaldan gələn gəlir də əhali arasında ədalətli şəkildə bölüşdürüləcəkdir.
Milli İqtisadi Modeldə dövlət öz vətəndaşlarının qida, yaşayış yeri, təhsil, səhiyyə, təhlükəsizlik və digər başlıca təbii ehtiyaclarını təmin etmək məcburiyyətindədir. Hər bir insan istehsal qabiliyyətinin olub olmamasından asılı olmayaraq hər yaş dövründə istehlak haqqına sahibdir. Hər bir dünyaya gələn insan bu hüququ qazanır.
Bu məqsədlə dövlət emissiya həzmini artıraraq layihə müqabilində istehsala təşviq etməklə yanaşı, sosial dövlət kimi istehlakçıya yardım edərək gəlirin ədalətli bölgüsünü təmin etməlidir. Ev xanımlarına pensiya, bütün körpələrə, işsizlərə, tənha qocalara maaş, tələbələrə qarşılıqsız təqaüd verməklə vətəndaşlara birbaşa yardım etmək, cəmiyyətin istehlak qabiliyyəti olmayanların ehtiyaclarının təmin olunmasına və tələb çatışmazlığının aradan qaldırılmasına şərait yaradaraq gəlir bölgüsünü tənzimləyəcəkdir. Sosial dövlət, az və çox gəlirli insanların həyat səviyyəsi arasındakı fərqi minimuma endirməli, onlar arasında sərvət və gəlir uçurumlarını aradan qaldırmalı, bu istiqamətdə həqiqi vətəndaş birliyi və bərabərliyi yaratmalıdır. Cəmiyyətdə gəlir fərqi, insanların peşə və qabiliyyətləriylə əlaqədar olmalıdır.
Bununla əlaqədar Milli İqtisadi Modeldə gəlir səviyyəsindəki dərin uçurumlar aradan qaldırılaraq az və çox gəlir sahibləri arasında müəyyən bir balans yaradılır, nə yoxsulluğun, nə də zənginliyin həddini aşmasına yol verilmir, insan mənəviyyatına yaraşmayan mənzərələr, çörəyini zibilliklərdə axtaranların faciəsi tarixə çevrilir.
Milli İqtisadi Modelin vergi siyasəti isə gəlir bölgüsünü düzəldən əməli tədbirləriylə həyat səviyyəsi aşağı olanları mühafizə edən bir quruluşa malikdir. Xüsusilə, istehlakdan alınan dolayı vergilər, az gəlirlilərin qazancını daha da azaldaraq, onlarla çox gəlirlilər arasındakı fərqi daha da dərinləşdirir.
İllik gəliri 100 000 YTL az olanlara vergini ləğv edən vergi siyasəti sosial dövlət proqramıyla birgə tətbiq olunanda, az gəlirlilər hər iki baxımdan müdafiə olunacaqdır. Beləliklə həm az gəlirlilərin gəlir səviyyələri yüksələcək, onun istehlak qabiliy­yətini artıracaq həm də bu təbəqənin istənilən səviyyədə istehlak etməsi və bununla əlaqədar şəkildə istehsalçını təmin edən bazar formalaşacaq­dır.

Facebook-da MİM