Mövzuya bir sualla başlayaq: məlum iqtisadi anlayışlarda mümkün olmadığına baxmayaraq cəmiyyətin bütün təbəqələrinin mənafeləri eyni anda maksimum təmin oluna bilərmi? Əgər fərdin mənafeyini cəmiyyətin mənafeyinə uyğunlaşdıra bilsək, eyni anda həm fərdin, həm də cəmiyyətin maksimum fayda əldə etməsi mümkün olacaqdır. Milli İqtisadi Modelin də əsas məqsədi bundan ibarətdir.
Milli İqtisadi Modeldə insanlar həm istehlak və həm də istehsal edərkən cəmiyyətə xeyir verəcəkdir. Gəlirinin artmasına çalışan hər bir fərd digər fərdlərin də gəlirini artıracaq, istehlak edən hər bir fərd digər fərdlərin də istehlakını təmin edəcəkdir. Məsələn, az gəlirlilərə verilən dəstək eyni zamanda yeni bir istehlakın artmasına səbəb olduğu üçün bu daha çox istehsal və məşğulluq imkanı yaradacaqdır. Yəni, cəmiyyətin bir hissəsinin müdafiəsi Milli İqtisadi Modelin çərçivəsində cəmiyyətin digər təbəqələrinə də dolayı yolla, hətta eyni dərəcədə təsir edəcəkdir.
Məsələn, fərdlərin pul qazanmaq hərisliyi pul ilə pul qazanmaq şəklində deyil, öz əməyi ilə cəmiyyətə verdiyi fayda şəklində özünü göstərəcəkdir. Əks tədqirdə, cəmiyyətin digər fərdlərinə aid olan bir qazanc, haqsız yerə bir nəfərin cibinə gedəcəkdir. Və yaxud pulsuzluqdan çayxanalarda vaxtını keçirənlərin nə özlərinə, nə də cəmiyyətə bir faydası yoxdur. Amma bu fərdlərə hər hansı layihə üçün faizsiz kredit almaq imkanı yaradıldıqda bu istifadəsiz enerjinin sinerjiyə çevrilməsi əlbəttə mümkün olacaqdır. Göründüyü kimi zərər verə biləcək addımlar tam əksinə olaraq faydalı hala çevrilir. [1, s. 253-257; 2, s. 238-241]
Beləliklə, insanla bağlı olan bir modeli həyata keçiririksə, ona qarışmayan, onu uzaqdan seyr edən və ya onun istəklərini məhdudlaşdıran deyil, əksinə onun seçimlərini həm özünün, həm də cəmiyyətin lehinə faydalı edən bir anlayışı tətbiq etmə məcburiyyətindəyik. Bu çox əhəmiyyətli bir məsələdir. Dünyada tətbiq olunan iqtisadi siyasətlər bütün cəmiyyətin bir hissəsinə dəstək verdiyi halda, digər hissəsini diqqətdən kənar qoymuşdur. Bu anlayışlara görə, əgər siz həqiqətən gəlir vergisini artırsanız, sosial xərclərə daha çox pul ayıra bilərsiniz, amma bu zaman daha çox vergi aldığınız üçün məşğulluğun səviyyəsini aşağı salmış olursunuz. Buna görə də müəyyən yaş həddinə çatanların təqaüdlərini artırmaq, işsizlik sığortası vermək dövlət büdcəsi üzərində yük kimi görünür.
Hal-hazırda Avropa Birliyi (AB) ərazilərində, başda Almaniya olmaqla sosial xərclər məhdudlaşdırılmağa doğru gedir. Yenə də, misal üçün Türkiyədə sanki kənd təsərrüfatını dəstəkləmək digər sahələrdən bu sahəyə gəlirini axması kimi qiymətləndirilir. Bu misalları çoxaltmaq olar və məlum iqtisadi modellər üçün bu qayğılar düzgündür. Ancaq bu ana qədər heç bir iqtisadi modelin həyata keçirə bilmədiyini Milli İqtisadi Model gerçəkləşdirəcəkdir.
Milli İqtisadi Model cəmiyyətin bütün təbəqələrinə, eyni zamanda fayda verən mexanizmləri işə salır. Məsələn, pulun təbiətinə uyğun olaraq hərəkət edərək və müəyyən dərəcədə emissiya həcmini artıraraq kənd təsərrüfatını dəstəkləmək, eyni zamanda cəmiyyətin digər təbəqələrini də dəstəkləməkdir. Çünki, ölkəmizdə əhalinin 35% kənd təsərrüfatı hesabına dolanır. 2000-ci ildə əhalinin siyahıya alınmasına görə Türkiyə əhalisi 67.800.927 nəfər, kənddə yaşayanların sayı isə 23.797.653 nəfər olmuşdur. Əgər istehsalçı həmin il əldə etdiyi məhsuldan istədiyi gəliri təmin etsə, bu o ətrafdakı xırda təsərrüfatçılara alış-veriş şəklində təsir edəcəkdir. Bundan başqa aqrar bölmənin dəstəklənməsi kənd təsərrüfatı və bununla əlaqəli sənayenin də inkişafına imkan yaratdığı üçün böyük bir məşğuliyyət sahəsi yaradacaqdır.
Bu gün kənd təsərrüfatı sahəsində satışın ciddi şəkildə azalması yanlız cəmiyyətin bir hissəsinə deyil, onun bütün hissələrinə təsir edir. Hökumətin transfer xərclərinin artımı yalnız təqaüdə çıxmış dövlət məmurunu razı salmayacaq, eyni zamanda bazarda tələb çatışmazlığını da aradan qaldıracaqdır. Təbii ki, bu dövlət xərclərindəki artım Milli İqtisadi Modelin ortaya qoyduğu məlum şərtlər və pul nisbətləri çərçivəsində olacaqdır.
Başqa bir məsələ də hələ uşaqlıq dövründən meydana çıxan sahibkarlıq hissidir. İnsanın təbiətinə uyğun olan xüsusi mülkiyyət prinsipi Milli İqtisadi Modelin ünsürləri arasında yer alır. Bunun əksini qəbul edən Marksizm bu baxımdan insan təbiətinə qarşı çıxmışdır. Burada görüləsi iş nə kommunist anlayışlar kimi insanın doğulduğu gündən təbiətindən irəli gələn xüsusi mülkiyyət hissini rədd etmək, nə də insanı cəmiyyətə faydasız bir sahədə saxlamaq deyildir. Milli İqtisadi Model insanın təbii duyğularını qəbul etməklə, bu duyğulardan irəli gələn seçimləri həm özünün, həm də cəmiyyətin xeyrinə ən faydalı sahəyə yönləndirməyə çalışır.
Diqqəti çəkən əhəmiyyətli məsələlərdən biri də iqtisadi hadisələr qarşısında insanların seçimlərinin hər zaman rasional olmaması məsələsidir. Çünki insanın davranışlarına istiqamət verən ağıl deyil, duyğulardır. Məsələn, sağlamlığımıza zərərli olduğunu bildiyimiz halda siqaret, spirtli içki və özündən asılı edən maddələrin istifadəsindən əl çəkə bilmirik. Və ya qiyməti daha ucuz olsa belə donuz ətini müsəlman əhaliyə sata bilmədiyimiz kimi, insanların heç bir təmənna gözləmədən başqasına yardım etməsinin də məntiqi deyil, hissi və əxlaqi bir izahı vardır. Həm fərdlər, həm də onlardan formalaşan cəmiyyətlər hadisələrə ağıl ilə deyil, əksinə hərdən gerçəkliklə üst-üstə düşən, hərdən ona zidd olan duyğularıyla yanaşırlar.
Bundan başqa insanlar öz qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər. Beş barmağın beşi də eyni deyildir. Eyni məbləğdə olan pul ilə bir fərd iş gördüyü halda, digəri bunu bacarmır. Bu qabiliyyət fərqləri fərddən fərdə dəyişdiyi kimi, cəmiyyətlər arasında da böyük fərqlərə səbəb olur. Buna görə iqtisadi siyasətlər müəyyənləşdirilərkən bu nəzərə alınmalıdır. Səhv bünövrə üzərində düzgün binanın inşa edilməsi mümkün olmadığı kimi, insanın bu xüsusiyyətləri də nəzərə alınmadan qurulan bir iqtisadi model bəşəriyyətə xidmət edə bilməz.
Nəticə etibarıyla deyə bilərik ki, iqtisadi qanunları ortaya qoyanlar, insanı və cəmiyyəti tanıyıb, yaradılışın məqsədinə uyğun olaraq cəmiyyətin rahatlığı və sabitliyi üçün qanunlar qəbul etməlidirlər. Buna görə insanı və insana aid xüsusiyyətləri nəzərə alaraq inkişaf etdirilən Milli İqtisadi Model cəmiyətin sadəcə bir hissəsinin deyil, bütün təbəqələrinin həyatını heç kəsə əl açmadan qura bilən bir səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. İnsanlar və dövlətlər üçün əsas azadlıq, başqa fərd və dövlətlərə möhtac olmaqdan qurtulmaqdır.