Kapitalizmdə insan ehtiyaclarının qeyri-məhdud, ehtiyatların isə məhdud olması fikrinin əsas götürülməsi ailə planında doğum üzərində nəzarətə, sosial planda gəlir bölgüsündə ədalətsizliyə, qlobal mənada dünyanın məhdud ehtiyatlarını ələ keçirmək üçün müharibələrə, pulun sərbəst dövriyyəsinə əngəl törədilməsinə və dolayısı ilə əmək və istehsalın nəzarət altına alınaraq istiqamətləndirilməsinə səbəb olur.
Kommunizmdə isə xoşbəxt yaşamalı olan və əməyin mənbəyini təşkil edən insanın təbii xüsusi mülkiyyət hüququ əlindən alınmış, dövləti idarə edən təbəqəyə xidmətçi duruma salınmışdır. Kapitalizmdə pula nəzarət edənlər ilə kommunizmdə sistemi idarə edənlər ağa, insanlar isə ağanı xoşbəxt etməyə çalışan fəhlə statusu daşıyırlar.
Milli İqtisadi Model hər şeydən əvvəl insana və iqtisadiyyata gətirdiyi anlayışlarla digər modellərdən fərqlənir. Milli İqtisadi Modeldə insan ehtiyacları məhdud, ehtiyatlar isə qeyri məhduddur. Qeyri məhdud olan insanın tamahıdır.
Milli İqtisadi Model insanın məhdud ehtiyaclarını qeyri məhdud ehtiyatlarla qarşılanması haqqında görüş kimi ifadə edilə bilər. Milli İqtisadi Model ölkələrin inkişafını və tam müstəqilliyini qarşısına məqsəd qoyan və bunun üçün lazım olan formulları ortaya qoyan baxışdır.
Milli İqtisadi Modeldə xoşbəxt edilməli, zənginləşdirilməli və xidmət edilməsi zəruri olan insandır. İqtisadiyyatda davamlı böyümə, gəlir bölgüsündəki ədalət, tam məşğulluq həll edilməsi mümkün olmayan bir problem kimi başa düşüldüyü halda, Milli İqtisadi Modeldə davamlı inkişafın, gəlir bölgüsündəki ədalətin, tam məşğulluğun təmin olunması formulları ortaya qoyulur.
İstehsalın həcmini müəyyənləşdirən malın qiyməti deyil, mala olan tələbdir. Kapitalizmin ümumi və xüsusi tarazlıq təhlili, bahalıqla əlaqədar tələbin azalması, istehsalın artması şəraitində tələbi formalaşmayan mal çoxluğuna gətirdiyi şərh yetərli deyildir.
Qiymət dəyişikliyinin tələb üzərində birbaşa, təklif üzərində dolayı təsiri vardır. Heç bir elmi əsas olmadan pozulan tarazlığın öz-özünə bərpa olunacağını müdafiə edən görüşlər, davamlı inkişafın qarşısında ciddi bir maneəyə çevrilirlər.
Milli İqtisadi Modeldə isə pozulan tarazlığın yenidən bərpa olunması üçün iqtisadiyyatın inkişafına şərait yaradan kənar müdaxilənin zəruriliyi ortaya qoyulur, ölkədə reallaşan pul təklifi siyasətinin inkişafa, kasıb ölkələri zənginləşdirərək (acları doyuraraq) pulunun dəyərinin artırılmasına xüsusi diqqət yetirilir. Acları doydurduqca, istehlakçının gəlir səviyyəsini artırdıqca böyüyən bir iqtisadiyyat nəzərdə tutulur. Milli İqtisadi Modeldə xüsusi əhəmiyyət verilən tələb analizi cədvəli əsas götürülərək, ilk növbədə tələb müdafiə olunur və yaranan tələb həcmini qarşılayan təklif təmin olunur, istehsal dəstəklənir və yaranan təklif həcmi istehlak yardımıyla saxlanılır. Bu inteqrativ tənliklər davamlı inkişafın formuludur.
Tələbi artırmaq üçün ictimai xərclərin faizli pul ilə dəstəklənməsinə əsaslanan Keyns modelinin tətbiqi, ölkəni haçansa inflyasiyaya və borc bataqlığına sürükləyəcəkdir. Borc kimi alınan faizli pulun qaytarılmasının ağırlığı vergiylə millətə bağlanır. Vergi yükünün artması cari və sosial xərcələri azaltdığı kimi, istehsal dəyərinin yüksəlməsinə, tələbin və ictimai xərclərin azalmasına səbəb olur. Nəticədə iqtisadiyyat məsrəf inflyasiyası ilə tələbin azalması mənasını daşıyan staqflyasiya dövrünə girir.
İnkişafı təmin edən istehlak həcminin istehsaldan əldə edilən gəlirlə təmin olunması mümkün deyildir. Buna əsaslanaraq Milli İqtisadi Modeli çatışmayan istehlak həcminin emissiya ilə ödənməsinin zəruri olduğunu vurğulayır. Emissiyanın iqtisadiyyata giriş nöqtəsini sosial dövlət proqramlarıyla tənzimləyir və gəlir bölgüsündəki disbalansı ortadan qaldıraraq tələbi artırır, deflyasiyanın qarşısını alır, pulu istehsal yoluyla qazanmağı müdafiə edərək törəmə pulu qəbul etmir və onun istehsal amili olması fikrini rədd edir, pulu istehlak qabiliyyətini və istehsal təklifini artıran fəaliyyət mənbəyi kimi dəyərləndirərək möhtəkirlərin əlinə keçməsinə mane olur.
Qlobal sərmayəçilər, onlara xidmət edən kapitalist iqtisadi sisteminin nəticəsi kimi ortaya çıxmışdır. Kapitalist iqtisadiyyatı əslində bu qlobal güclərə xidmət edən vəziyyətə düşmüşdür. Bu güclər kapitalist iqtisadiyyatının nəticəsi olan inflyasiya, deflyasiya, staqflyasiya mühitində güclənərək peyda olmuşlar.
Dövlətin bazara müdaxiləsini iqtisadi disbalans adlandıran kapitalist sistemi, əldə oyuncağa çevirən zəif dövləti müdafiə edir. Bu anlayışın nəzərdə tutduğu dövlət sadəcə qlobal güclər üçün çalışan və onları qazanc gətirən işçiyə bənzəyir. Kapitalist iqtisadiyyatında yoxsulluq millətin alın yazısı hesab edilir.
Milli İqtisadi Modeldə «ata» kimi dəyərləndirilən dövlət, alan əl kimi deyil, verən əl kimi tanınır, verdikcə inkişaf edir, güclü fenomen kimi millətinə xidmət edir. Senyoraj gəliri ilə istehlakçı və istehsalçını dəstəkləyir, zəruri hallarda iqtisadiyyata müdaxilə edərək davamlı inkişafı təmin edir, yeraltı sərvətlərin sahibi kimi onları xalqla ortaq şəkildə bölüşdürür, vergi, senyoraj və istehsaldan əldə etdiyi gəliri təklif və tələbin canlanması üçün iqtisadiyyata sərf edir, sosial dövlət proqramlarıyla gəlir bölgüsündəki disbalansı ortadan qaldırır, bütün vətəndaşların etibar etdiyi, sığındığı, ədalətinə güvəndiyi və tam məşğulluğu təmin edən iradənin təmsilçisidir.
Tələb və məsrəf kimi xarakterizə edilən inflyasiya, kapitalizmin iqtisadi sisteminin labüd nəticələrindəndir. Tələb inflyasiyası, qiymət artımını pul qalıqlarındakı artımla izah edən monetarist nəzəriyyə ilə tam məşğulluq səviyyəsindən sonra ümumi xərclərdəki artımı inflyasiya kəsiri adlandıran Keyns modeli inflyasiya problemini həll edə bilməmişdir (bunu səhv və ya yanlış diaqnoz həll edə bilməz). Məsrəf inflyasiyasını isə həmkarların dəstəklədiyi işçilərin maaşlarındakı artımla əlaqələndirmişlər.
İstehsalı hərəkətə gətirən pulun, istehsal nəticəsində əldə edilən məhsulun dəyərini qarşılaması mümkün deyildir. Təbii ki, təklif-tələb tarazlığı təklif yönümlü olaraq pozulacaqdır. Gəlirin istehlaka bərabər olması iqtisadi tarazlığı təmin etmir. İstehsalın istehlakla yaxud istehlakın istehsalla bərabərləşdiyi nöqtə, iqtisadi tarazlığın təmin edildiyi vəziyyətdir.
Faizli pulun istehsala və ya istehlaka daxil olması, hər cür inflyasiyanın yaranmasına səbəb olur. Milli İqtisadi Model pula, istehsal və istehlaka, davamlı inkişafa aparan yeni yanaşma metodu ilə inflyasiyanın bütün növlərini iqtisadiyyatdan uzaqlaşdırmışdır. Dövlətin istehsal və ya istehlak sahəsini nəzarətdə saxlayaraq, onu rasional emissiya siyasətiylə müdafiə edən dövlət, inflyasiyanı aradan qaldıraraq davamlı inkişafı təmin edir. Bir nərdivanın pilləkənləri kimi aşağı tələbi, yuxarı isə təklifi göstərir. İqtisadi sistemlər daxili vəziyyətdən çıxış edərək onlardan birini, bəzən də eyni səviyyədə sabit olan hər ikisini paralel olaraq müdafiə edirlər. Nəzarət altında olan bu rasional və balanslı müdaxilələr, iqtisadiyyatın davamlı inkişafını təmin edir.
Qrafik 26
Kapitalist iqtisadiyyatında haqsız qazanc kimi ortaya çıxan faiz, klassik iqtisadi nəzəriyyənin banisi olan Adam Smitə görə yığım ilə kapital qoyuluşu arasında əlaqəni təmin edən ünsürdür. Keyns isə, bazarların ehtiyac duyduğu pulun bazarlara təklif edildiyi zaman faizin ortaya çıxdığını söyləyir. Halbuki kapitalist iqtisadiyyatının bəlası olan inflyasiya, deflyasiya, staqflyasiya faizin nəticəsidir. Faiz, pulun möhtəkirliyə yönəlməsini təmin edərək, iqtisadiyyatda ani sıçrayışlar və ödəmə sahələri meydana gətirir. Faizin yaratdığı haqsız qazancla pula hökm edən qlobal güclər, heç bir əmək sərf etmədən bütün dünyanın istehsal etdiyi mal və xidmətlərə ortaq olurlar. Faizə əsaslanan iqtisadi sistemlərdə gəlir bölgüsünün pozulması və xalqın yoxsullaşması labüd nəticədir.
Dünya bazarlarında dolaşan pul, bəşəriyyətin ehtiyaclarından 20 dəfə çox olmasına baxmayaraq, bir çox ölkələrdə insanlar aclıqdan ölürlər. Bunun əsas səbəbi, faizin mövcudluğudur. Kapitalizmin iqtisadi sistemində pulun axını və istiqaməti birtərəfli şəkildə qlobal güclərə yönəlmişdir. Bazarlarda olan hər faizli pulda onların payı vardır.
Milli İqtisadi Modelin vacib bildiyi pul məsələsi, faizli pul iqtisadiyyatından fərqlidir. Öz dəyəri olmayan pul, sadəcə mal və xidmət istehsalında, istehlak və istehsal qabiliyyətinin artırılmasında, durğun iqtisadi dəyərlərin canlandırılmasında bir fəaliyyət mənbəyidir və nəticədə bu funksiyanın istehsal etdiyi dəyər, pulun qarşılığıdır.
Öz mənfəətləri üçün hər şeyi qəbul etməyən və «insan insanın qənimidir» məntiqiylə insana yaxınlaşan liberalizm, onu birtərəfli şəkildə dəyərləndirir.
Eqoist insan psixologiyasına əsaslanaraq, onu «homo economicus» adlandırır. Kapitalizmdən öz məqsədləri üçün istifadə edən qlobal güclər, bütün dünya əhalisinin istehsal etdiyi dəyər və xidmətləri mənimsəmək üçün ehtiyac duyduqları insan modelini «homo economicus» adlandırmışlar.
İnsana verilən sonsuz təbii ehtiyatları məhdud, insanın məhdud olan ehtiyaclarını isə qeyri-məhdud görən liberalizmin bu yanlış fikri, insanı yaxşı tanıya bilməməsiylə əlaqədardır. İnsanın ehtiyacları məhdud, ehtirasları isə sonsuzdur. Yer üzərindəki sonsuz təbii ehtiyatlar nəticə etibarıyla insanın əməyinə təqdim olunmuşdur. İnsan doğulduğu gündən yaşadığı dəyərləri qoruyub inkişaf etdirərək, iqtisadiyyatın bütün parametrlərini özünün və cəmiyyətin mənfəətlərinə verməlidir. Cəmiyyətin və fərdin mənfəətləri arasında fərq aradan qalxanda, tam məşğulluq reallaşaraq hər cür səadət əldə olunur. Fərdlərin gəlirləri ilə cəmiyyətin məqsədini birləşdirən iradə, dövlət iradəsi olmalıdır. Başqa sözlə desək, fərdlərin məqsədini təşkil edən iqtisadi sistem vektorlarının cəmi, cəmiyyətin iqtisadi məqsədini yaradır.
İnsanın doğulduğu gündən qoruduğu dəyərləri mühafizə edən, inkişaf etdirərək iqtisadiyyata gətirən insanın insana faydalı olduğu cəmiyyətlər nümunəvi cəmiyyətlərdir. Hər ölkənin sosial-iqtisadi həyat səviyyəsi göz önündə tutularaq, vergi alınan və ya güzəşt olunan gəlir səviyyəsi müəyyənləşdirilməlidir.
Az gəlirli təbəqədən verginin alınmaması, iqtisadiyyatda istehlak qabiliyyətinin və istehsalın artmasına səbəb olur. İstehsalçının istehsal qabiliyyətini artıran bu yanaşma, yeni iqtisadi qabiliyyətlərin ortaya çıxmasına imkan verir. Milli İqtisadi Modeldə həyat səviyyəsinin ən aşağı həddi, fərd və ailələrin şərəfli həyat sürməsinə imkan yaradır.
Dövlətin vergidən azad etdiyi təbəqədən alacağı vergi gəliri alınmadığı təqdirdə, bu pulun iqtisadiyyata girərək əmələ gətirdiyi iş həcmi və dövriyyə sürətinə görə daha çox vergi gəliri dövlətə qayıdır. Milli İqtisadi Model Türkiyədə həyata keçirilsə, illik gəliri 100 milyard və ondan aşağı olan əhalidən vergi alınmayacaqdır.