26 Dekabr - Cümə axşamı 18:46:25
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

2- Deflyasiya

Qiymətlərin ümumi səviyyəsində meydana gələn mütəmadi enmə hadisəsi olan deflasiya inflasiya ilə müqayisədə iqtisadiyyat üçün daha təhlükəli bir vəziyyəti göstərir.

Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır. Bir tərəfdən istehlakçılar qiymət­lərin düşməsiylə bağlı mövcud tələblərini də gecik­dirir; digər tərəfdən isə artan işsizlik az olan tələbi daha da azaldaraq iqtisadiyyatın ortasında qara dəliyi xatırladan deflasiya prosesinin hər şeyi udmasına və iqtisadiyyatın durğunluq həddinə gəlib çıxmasına səbəb olur.
Klassik kapitalist nəzəriyyələri sistemin öz-özünü təmir edəcəyinə, qiymət və işçi maaşlarının elastik olduğuna inanır. Ancaq bunun praktikada özünü doğrultmaması kapitalist anlayışın digər modelinə, yəni ictimai xərcləri artıraraq tələbi dəstəkləməyə çağıran Keyns nəzəriyyəsinə üstünlük verildi {28, s.129}. Həyata keçirilən təcrübələr müəyyən nəticə versə də, ictimai xərcləri faizli pul ilə artırma prosesi ölkələri inflyasiyaya və borc bataqlığına saldı. Çünki faizlə götürülən borc pul ilə sərf edilən xərclərin qaytarılması üçün hökumətlər vergiləri artırmaq və orta vədəli həm cari, həm də sosial xərcləri azaltmaq məcburiy­yə­tin­də qaldılar.
Bir tərəfdən yüksələn vergilər istehsal xərclərini artırarkən, digər tərəfdən həm ictimaiyyətin orta vədəli xərclərini məhdudlaşdırma məcburiyyətində qalınması, həm də vergilərlə bazardan pulun yı­ğıl­ma­sı yerli əhalinin tələbatını azaltdı.
Nəticədə qısa vədədə bir qədər faydalı görünən Keyns metodu orta və uzun vədədə, həm məsrəf inflya­siyasına, həm də tələbin azalmasına səbəb oldu. Beləliklə, dünya iqtisadiyyatı həm işsizlik, həm də inflyasiya adlanan yeni bir xəstəliklə – yəni staq­flasiya ilə üzləşdi.
Deflasiya ilə aparılan mübarizədə xəstəliyin səbəbləri müəyyən edilmədiyi üçün verilən reseptlər bir növ yalnız ağrıkəsici rolunu oynamışdır. Xəs­təlik davam etdi, sadəcə təsiri bir qədər azaldıldı. Çün­ki xəstəlik yerli əhalinin istehlak qabiliyyətini itirməsiylə bağlı olduğu halda, bu çatışmazlığın faizli pul ilə ödənilən ictimai xərclər vasitəsilə aradan qaldırılmasına səy göstərildi. Tələbi artır­maq məqsədilə istifadə edilən faizli pulun geri ödə­nil­məsi orta müddətdə həm ictimai xərclərin məh­dudlaşmasına, həm də vergi dərəcələrinin artı­rılma­sına səbəb oldu.
Deflasiyadan çıxmaq üçün nə etməli sualına və indiyə qədər tətbiq olunan siyasətlərin niyə səhv və yaxud əskik olduğuna cavab tapmamışdan əvvəl gəlin daha vacib bir suala cavab axtaraq: iqtisadiyyat niyə deflasiyaya məruz qalır? İndi­yə­dək bütün məşhur iqtisadi modellərin cavab tapa bil­mədiyi bu sualı belə də qoya bilərik: inkişaf et­məkdə olan iqtisadi güclər niyə bir müddətdən sonra durğunluğa qapılaraq davamlı inkişaf prose­sindən kənarda qalırlar? Çünki iqtisadiyyatda ara­bir meydana gələn bu durğunluq dövrləriylə defla­si­ya xəstəliyinin kökü birdir.
Əvvəllər inkişaf etmiş ölkələrdə meydana gələn bu problem hal-hazırda başlıca xəstəlik kimi ölkəmiz başda olmaqla təxminən dünyanın hər yerində iqtisadiyyat üçün təhlükə yaradır. Belə olan halda yəqin ki bu xəstəliyi müalicə etmədən öncə onun səbəblərini müəyyən etmək lazımdır.
Hər təklifin öz tələbini formalaşdırması fikri böyük bir səhvdir {10}. Əgər inkişaf edən bir iqtisadiyyata maliksinizsə bu inkişafı təmin edən istehlak həcmini istehsaldan əldə olunan gəlirlə təmin etmək mümkün deyil. Hər dövrdə bu inkişafa müqabil çatışmayan istehlak həcminin emissiya ilə tarazlanması zəruridir.
Bu əsas şərti gerçəkləşdirməyən ölkələr inkişafın müəyyən bir mərhələsinə çatandan sonra hər il inkişafla birlikdə sürətlə artan tələb çatışmamazlığı problemiylə də qarşılaşır və nəticədə bu proses iqtisadiyyatı öz daxilindən çökdürür. Bu vəziyyəti bədəni inkişaf edən bir insanın sümükləri kifayət qədər bərkimədiyi üçün ayaq üstündə dura bilməməsinə bənzədə bilərik.
Qrafik 22

1. tan u = 1 gəlir gətirməyən reproduktiv bir istehsal vardır: məsələn, ev xanımlarının ev işləri də bir istehsaldır.
2. tan u = 0 istehsalın gəlirə bərabər olduğu haldır. Qazanc məqsədi olmayan xidmətlər buna aiddir.
3. tan u<1 isə normal istehsal səviyyəsidir.

1990-cı illərin əvvəllərində bu haqda öz fikirlərimizi bildirəndə, hələ dünya deflasiya ilə üzləşməmişdi. O dövrdə qarşıdan gələn 10 il ərzində dünya iqtisadiyyatında cox ciddi bir bazar probleminin olacağını, xüsusilə də sürətlə inkişaf edən ölkələrin lazımi emissiya tədbirləri görməmələri nəticəsində deflasiya ilə üzləşəcəklərini bildirmişdik.
Xatırlayırsınızsa, 1990-cı illərin ortalarından başlayaraq əvvəlcə Yaponiyada deflasiya prosesi başladı, nominal faizlərin sıfır həddinə çatmasına baxmayaraq real faiz nisbəti pozitiv qaldı. Yaponiya hökuməti yerli əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və gələcəyə pessimist baxışları ilə əlaqədar xərcləri azaltdı və bu da qiymətlərin düşməsinə, malların ehtiyatda saxlanmasına, bununla əlaqədar işçilərin ixtisarına səbəb oldu. O gündən etibarən Yapon möcüzəsi adlandırılan bu nəhəng iqtisadi gücə yaxından nəzər salanlar onun hələ də özünə gələ bilmədiyini aşağıdakı rəqəmlərdən müşahidə edəcəklər.

1993-cü il ÜMM 4 353. 885 milyard dollar
1994- cü il ÜMM 4 794. 274 milyard dollar
1995- ci il ÜMM 5 280. 563 milyard dollar
1996- cı il ÜMM 4 691. 726 milyard dollar
1997- ci il ÜMM 4 307. 697 milyard dollar
1998- ci il ÜMM 3 930. 101 milyard dollar
1999- cu il ÜMM 4 457. 198 milyard dollar
2000- ci il ÜMM 4 748. 025 milyard dollar
2001- ci il ÜMM 4 163. 847 milyard dollar
2002-ci il ÜMM 3 976. 137 milyard dollar
2003- cü il ÜMM 4 296. 189 milyard dollar
2004- cü il ÜMM 4 621. 195 milyard dollar {11}.

1995-ci ildən sonra Yaponiya iqtisadiyyatında ÜMM 5 milyard dollardan çox ola bilməmişdi. Bundan əlavə hal-hazırda bütün gücünü ABŞ-a ixracatdan alan bu ölkə, əlindəki 800 milyard ABŞ dollarıyla ciddi bir sıxıntı içərisindədir.
Bundan əlavə 2003-cü ilin yanvar ayında televiziya proqramları vasitəsilə verdiyimiz müxtəlif bəyanatlarda alman iqtisadiyyatının da 2003-cü ildə durğunluğa düşəcəyini və bunun ardınca işsizliyin artacağını, Maastrich meyarlarını Almaniyanın bir kənara qoyub ictimai xərcləri artırmaq və tezliklə borc almaq məcburiyyətində qalacağını qeyd etmişdik.
Alman iqtisadiyyatını yaxından izləyənlər 2003-cü ildə bu iqtisadiyyatın əvvəlcə durğunluğa qapıldığını, ardından isə artan işsizliklə üzləşdiyini bilirlər.
Hal-hazırda axırıncı 72 ilin ən yüksək işsizlik göstəriciləriylə (5 milyondan çox) tanınan Almaniya, tarixin ən çətin dövrünü yaşadığını özü etiraf edir. 2002-ci ildə işsizlik 8.21, 2003-cü ildə 9.11, 2004-cü ildə isə 9.6%-dir {17}. Bununla yanaşı Almaniya, Maastrich meyarlarına əməl etmədiyi üçün Avropa Birliyi içərisində ciddi mübahisə doğurdu. Əvvəl də qeyd etdiyimiz kimi bu təcrübə nəticəsində AB ən gec 15 il ərzində dağılacaqdır.
İnkişafda olan bir iqtisadi potensiala malik olan Almaniya markı ləğv edərək avroya keçdikdən sonra inkişaf edən iqtisadiyyata uyğun bazarda kifayət qədər olması gərəkən pul həcmi emissiya ilə təmin olunmadı. Çünki pul çap etmə hüququ artıq Berlindəki Bundesbanka yox, Frankfurtdakı Avropa Mərkəzi Bankına aid idi. Senyoraj gəliri əvəzinə borc almaq yolunu tutan başda Almaniya olmaqla AB ölkələrinin borc rəqəmlərində Avroya keçildikdən sonra nəzərə çarpan artım görünür.
Məsələn Fransanın konsolidə (ümumi) borc qalığının ÜMM-a nisbəti 2001-ci ilin sonunda 57% olduğu halda, 2004-cü ildə bu nisbət 65,6%-ə çıxmış, 2005-ci ildə isə bu nisbətin 66,6% olması gözlənilir. Almaniyanın konsolidə borc qalığının ÜMM-a nisbəti isə 2001-ci ilin sonunda 59,4% olduğu halda, 2004-cü ildə 66,3%-ə çıxmışdır. 2005-ci ildə isə 67,8% olacağı gözlənilir.
Ümumiyyətlə, AB Avroya keçməzdən əvvəl cəmi borc qalığının ÜMM-a nisbəti 90-cı illərin əvvəllərində 76,5% səviyyəsindən 2002-ci ilin sonunda 69,5%-ə düşmüşdür. Halbuki həmin tarixdən sonra borclar yenidən artmağa başlamışdır. 2004-cü ildə bu nisbət 71,2%-ə çıxmış, 2005-ci ildə isə 72,2% olması gözlənilir.
Deflasiya inkişaf edən iqtisadiyyatlarda sadəcə tələb çatışmamazlığındanmı yaranır? Əlbəttə ki, yox. Əksinə, bəzən bazarda çoxlu pul olmasına baxmayaraq, yenə çatışmayan tələbat nəticəsində iqtisadiyyat deflasiyaya məruz qala bilər.
Gəlir bölgüsündə tarazlığın pozulması şübhəsiz ki, deflasiyanın əsas səbəblərindəndir. Əgər cəmiyyətin böyük bir hissəsi müəyyən bir gəlir səviyyəsinin altına düşsə sözsüz ki, onlar istehlak qabiliyyətini itirəcəklər. Dövriyyədə artıqlaması ilə pul olmasına baxmayaraq, onun müəyyən adamların əlində toplanmasıyla əlaqədar istehlakçıların problemlərinin həll olunmaması şəraitində iqtisadiyyatın deflasiyadan qurtulması mümkün deyildir. Yəni faizlərin aşağı salınması və istehlakın inkişaf etdirilməsi yoluyla deflasiyadan qismən çıxmaq mümkün olsa da, ancaq bu kifayət deyildir.
Çünki faizlər sıfır həddinə çatsa da, bankda pulu olan vətəndaşlar pulunu istehlaka xərcləyəcəkdir. Bəs pulu olmayanlar? Bu siyasətin onlar üçün heç bir faydası olmayacaqdır.

Qrafik 23

Türkiyə şərtləri üçün TEFE (Topdan satış qiymət indeksləri) və TÜFE (İstehlak qiymət indeksləri) hesablamaları naqisdir.
Məsələnin həlli belədir:
(+) olan məhsullar ayrı bir kateqoriyada toplanmalı və orta artım hesablanmalı
(-) olan məhsullar ayrı bir kateqoriyada toplanmalı və orta artım hesablanmalı
Dediklərimizi sübuta yetirmək üçün ABŞ misal göstərə bilərik. Uzun müddət faizləri 1%-ə salan Federal Ehtiyatlar Bankı deflasiyadan çıxmaq məqsədinə qismən nail oldu. ABŞ-da son 3 ildə faiz dərəcələri aşağıdakı kimidir: orta hesabla 2002-ci ildə 1,67%; 2003-cü ildə 1,13%; 2004-cü ildə isə 1,35% oldu {19}. Çünki gəlir bölgüsündəki ziddiyyətlərə görə ABŞ xalqının müəyyən bir hissəsinin həyatı aşağı səviyyədədir. Bu problem həll olunmadan deflasiyadan qurtulmaq mümkün deyil.
Ölkəmizdəki vəziyyət heç də bundan fərqli deyildir. Bir tərəfdən yüksək istehsal xərcləri ilə əlaqədar maya dəyərləri artankən, digər tərəfdən də maliyyə və faiz siyasətləriylə bazardan yığılan pul tələbi azaldır.
Məsələn, 2004-cü ildə TEFE (Topdan satış qiymət indeksləri) və ÜFE (İstehlak qiymət indeksləri) rəqəmlərinə baxdıqda bəzi məhsullarda qiymətin tələb dəyişkənliyi az olduğu üçün maya dəyərindən (vergi, enerji, xammal) gələn artıma görə 2004-cü ildə məsrəf inflyasiyası 40% olmuşdur. Məsələn, 2004-cü ildə topdan satış qiymətlərdə – sac 66,5%, motor sənayesi 34,9%, metallurgiya sənayesi 34,1%, pərakəndə satış qiymətlərində isə təbii qaz 28%, mənzil isə 21% artmışdır {8}. Bəzi məhsullarda isə qiymətlər tələbə qarşı həssas olduğu və bazarda tələb azaldığı üçün bu məhsullar deflasiyaya məruz qalır. Məsələn, elektrik-məişət əşyalarının istehlak qiymətləri 10,8% aşağı düşmüşdür {8}. Elektrik ev əşyalarının modelləri sürətlə dəyişdiyi üçün bazarda kifayət qədər tələb olmadıqda istehsalçı məcburən maya dəyəri artsa da qiymətləri aşağı salaraq əlindəki malları satmağa çalışacaqdır.
Belə iqtisadiyyatda, yəni həm vergi, enerji, xammal, məşğulluq vergiləri və s.-in artması ilə əlaqədar istehsal xərclərinin artdığı, həm də tələb azlığı ilə əlaqədar anbarlarda malların artdığı bir şəraitdə topdansatış və pərakəndə satış qiymətləri səhv nəticələr doğura bilər. İki fərqli xəstəlik, yəni məsrəf inflyasiyanı və tələbin azalması (+) – (-) səviyyəsini yox edərək hər ikisi neytrallaşır. Sanki, iqtisadiyyatda bu xəstəliklərin heç biri yoxmuş və iqtisadiyyat taraz vəziyyətdə imiş kimi bir nəticə ortaya çıxır.
Məsələn, sizin əkdiyiniz buğdanın qiyməti tələb çatışmazlığıyla əlaqədar 30% düşmüşdür. Ancaq bu buğdanı becərərkən istifadə etdiyiniz mazut və kübrə 35% artmışdır. Belə olan halda bu günün məntiqinə əsasən inflyasiya 2,5% (+ 35%-30%=5; bunu da bölün ikiyə) olacaqdır. Halbuki kəndli üçün inflyasiyanın səviyyəsi 65%-dir. Çünki istehsalçının satın alma qüvvəsi 65% azalmışdır. Satdığı məhsuldan 30%, əvvəlki istehsala görə isə 35% zərər etmişdir. Əslində, inflyasiya yerli əhalinin gəlirinin azaldığını göstərir. Həqiqətən ölkəmizdə bunun həlli yolu axtarılırsa, bir tərəfdən istehsal xərclərini azaldan bir maliyyə siyasəti və istehlakı artıran bir pul siyasəti həyata keçirilməlidir. Lakin, bu gün bunun əksi tətbiq olunur.
İstehsal xərclərini azaldan maliyyə siyasətimizin məqsədi, vergilərin bu qədər yüksək olmasına şərait yaradan büdcənin yüksək miqdarda borclanma ehtiyacıyla, bu ehtiyacı yaradan öz pulunun yerinə maliyyətli xarici pulun qarşılığında emissiyanı genişləndirmək siyasətiylə əlaqədardır. Beləliklə düzgün pul siyasəti aparmadan, bu borcların və onunla əlaqədar olan yüksək vergilərin aşağı salınması mümkün deyildir. Deməli, sağlam maliyyə siyasəti üçün ilk öncə düzgün pul siyasəti tətbiq olunmalıdır.
Bəs gəlir bölgüsündə yaranan eyni səviyyəli disbalans haradandır?
Hal-hazırda dünyada istehsal ilə deyil, pul ilə pul qazanmaq geniş yayılmışdır. FOREX bazarlarında gündə orta hesabla 1,9 trilyon dollar dövr edir. Bunun təxminən 1.5 trilyonu ABŞ mənşəlidir {7}. Bu əməliyyatlar İngiltərədə (637 mlrd doll.), ABŞ-da (350 mlrd), Yaponiyada (149 mlrd), Sinqapurda (139 mlrd), Almaniyada (94 mlrd), Qonq-Honq, Avstriya, İsveçrə, Fransa və Kanada bazarlarında aparılır. Nəzərə almaq lazımdır ki, bütün dünyada ÜMM cəmisi 36 trilyon dollardır{13}.
Faizin mövcudluğu və möhtəkir pul anlayışı pulun məlum əllərdə toplanmasını təmin edir. Cəmiyyətin böyük bir hissəsi dolanma dərdi çəkdiyi halda, az bir qismi də milyardlarla dollar qazanır.
Nəticədə pulun bəlli əllərdə toplanması cəmiyyətdə tələbin istənilən səviyyəsinə mane olur.
Buna görə də bu gün deflyasiyanın səbəblərdən biri olan milli gəlir bölgüsündəki disbalans, həlli qeyri-mümkün olan bir problemə çevrilmişdir. Çünki, tətbiq olunan bütün iqtisadi siyasətlərin əsasında faiz dayanır. Bir tədbirlə deflyasiyadan xilas olmaq olmaz. Bunun üçün paralel olaraq pul və maliyyə siyasəti, müvafiq xarici ticarət və sosial dövlət proqramı həyata keçirmək lazımdır.
Bununla əlaqədar deyə bilərik ki, deflasiya kapitalist şüurun övladıdır. Bu xəstəliyi sistemin özü yaradır. Buna görə də xəstəlik onu yaradan bir model vasitəsilə ortadan qaldırıla bilməz. Buna görə də bu xəstəlikdən qurtulmaq üçün dünya ölkələri ortaya qoyduğumuz bu Milli İqtisadi Modeli özlərində gerçəkləşdirməli və onları uçuruma sürükləyən mövcud iqtisadi sistemlərdən əl çəkməlidirlər. Biz bu fikrimizi 90-cı illərin əvvəllərindən etibarən bildiririk. ABŞ-nın bir zaman faizləri sıfır həddinə endirməyə calışması, kapitalist şüurun fövqündə olan və uzun illər bəyan etdiyimiz bu modeli qismən də olsa həyata keçirmək cəhdi idi. Lakin ABŞ faizləri sıfıra endirəndə, sərhədlərindən kənarda olan qarşılıqsız pulun özünə qayıdacağından qorxduğu üçün bu siyasəti uzun müddət davam etdirmədi. ABŞ üçün hər iki yol dalana aparır. İndiyə qədər kapitalist şüurun görmədiyi və görə bilməyəcəyi bu batmış bir iqtisadiyyatı xilas edən bir yol mövcuddur ki, onun buradakı təhlilimizə aidiyyəti yoxdur.

Facebook-da MİM