26 Dekabr - Cümə axşamı 14:51:28
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

1. Dövlətin iqtisadi həyatda rolu

Dövlət iqtisadiyyata müdaxilə etməli və ya etməməli, yaxud nə dərəcədə müdaxilə etməlidir? – sualı, iqtisadiyyat tarixinin bəlkə də ən çox mübahisə yaradan məsələlərindəndir. Kapitalizmin liberal modelləri iqtisadiyyatın özünü tənzimləməsi prinsipindən çıxış edərək dövlətin iqtisadiyyata müdaxilə etməsinə qarşı çıxmışdır. Dövləti sərbəst bazar fəaliyyəti qarşısını alan bir maneə hesab edərək, onun zəifləməsinə çalışmışdır.

Yalnız durğunluq dövrlərində bazarın aktivləşməsi məqsədilə ictimai xərcləri artıran maliyyə siyasətini müdafiə edən Keyns, bu xərclərin mənbəyini faizə bağladığı üçün bazarda dövlətə pul satan sərmayə qrupları yenə üstün mövqe tutmuşlar. Yəni birbaşa dövlətin müdaxiləsinə qarşı çıxan klassik model, bazarı müəyyən sərmayə qruplarının nəzarətinə buraxmış, Keyns modeli isə gerçəkləşdirdiyi faiz anlayışı ilə bazarın və hətta dövlətin onların ixtiyarına keçməsinə şərait yaratmışdır.
Biz bu məsələni yeni bir metodla tədqiq edəcə­yik. Əvvəlcə, özümüzə belə bir sual verək: Özbaşına buraxılan bazarda istehsal xərclərindən əldə olunan gəlir, bu istehsalı qane edən istehlakı yarada bilərmi? Bu sualın cavabını pul bölməsində şərh etmişdik. Davamlı inkişaf edən iqtisadiyyatın strukturunda həmişə istehsal ilə istehlak arasında müəyyən kəsir olacaqdır. Əgər bu kəsirə müdaxilə edilməzsə iqtisadiyyat tədricən özünü tənzimləyə bilməyəcəkdir. Buna görə də bazar üçün zəruri olan bu problem, məhz dövlət tərəfindən həll olunmalıdır.
Milli İqtisadi Modelimizdə bu kəsiri ödəmək üçün sosial dövlət layihəsi irəli sürülür. Bu mövzuya sonra toxunacağıq. Lakin dövlətin iqtisadi vəzifəsi yalnız, istehsal ilə istehlak arasındakı kəsiri həll etmək deyildir.
Dövlətin başqa bir vəzifəsi də başda sərmayə bazarı olmaq şərtilə bazarları tənzimləməkdir. Böyük sərmayə qruplarının ixtiyarına verilən bazarlarda haqsız rəqabətin olması labüddür. İnhisarlaşma nəticəsində meydana gələn yeni quruluş həm səmərəsiz, həm də ümumi qiymətlərin normal səviyyəsindən çox yüksək olan bir iqtisadi sistemi meydana çıxarır.
«Kiçik balıqlar böyük balıqların yemidir» prinsipinə əsaslanan bazarlarda hərdən böyük balıqlar da aclıqdan ölürlər. Dövlət bazarlarda hamıya bərabər imkanlar yaradaraq, hamının mənfəətini qoruyan hakimlik vəzifəsini icra etməlidir.
Dövlətin başqa bir vəzifəsi də, millətə aid olan yeraltı və yerüstü sərvətləri onun istifadəsinə verməsidir. Məsələn, ölkənin istənilən yerində olan neft mədəni millətin hər bir nümayəndəsinə aiddir. O, hamının faydalanacağı şəkildə dövlət tərəfindən istismar olunmalıdır. Bu model, dövlət-millət ortaqlığı modeli kimi də səciyyələndirilə bilər. Qurulan şirkətin gəlirinin bir hissəsi xalqa, digər hissəsi ictimai xərclər üçün dövlətə ayrılmalıdır. Ölkəmizdəki vəziyyətə nəzər salanda dəyəri katrilyon dollarlarla ölçülən yeraltı sərvətlərimizi birgə dövlət-millət ortaqlığında istismar etmək əvəzinə, son illər ərzində çıxarılan qanunlara əsasən onların istismarının xarici dövlətlərə verildiyini görürük. Axırda xəzinə üstündə oturan dilənçiyə döndük. Sərvətlərimizi təhvil verdiyimiz xaricilərdən, gedib faizlə pul alırıq və onlar da təzədən bizim pulumuzu özümüzə satırlar.
Dövlətin vəzifələrindən biri də istehsalın inkişafına, maya dəyərinin aşağı düşməsinə, vətəndaşlar arasında bərabər imkanların yaradılmasına şərait yaradan, investisiya və istehsala zəruri olan maliyyəni sıfır faizlə öz vətəndaşına verməkdən ibarətdir. Layihə müqabilində verilən bu kreditlər xaotik şəkildə deyil, mərhələ-mərhələ yoxlanaraq layihə sahiblərinə hüquqi qaydalar çərçivəsində verilməlidir.
Həmçinin dövlət, daxildə və xaricdə sosial dövlət və ya pul siyasəti ilə istehsalçıya kreditdən daha əhəmiyyətli olan bazar açmalıdır. Çünki məhsuluna bazar tapa bilməyən istehsalçı, istehsal etdikcə müflis olacaqdır. Dövlət özu bazarda birbaşa alıcı rolu oynayaraq sosial xərclərlə xüsusilə iri sənaye müəssisələrini müdafiə etməlidir. Ümumiyyətlə, iqtisadiyyatda tələbin artırılmasına kömək edən ictimai xərclər, strateji sənayenin inkişafı üçün də zəruridir. Hava nəqliyyatı, yeni texnologiya və silah istehsalı kimi strateji əhəmiyyətli sektorlarda, xüsusilə onlardan daha önəmli olan kənd təsərrüfatı sahəsində dövlət, heç olmasa məhsulun satışına verdiyi təminat ilə yerli istehsalı dünya rəqabətinə dözənə qədər müdafiə etməlidir. Eyni zamanda dövlət qabaqcıl texnologiya və yüksək sərmayə tələb edən sahələrdə, xüsusilə xammal istehsalını və ya infrastruktura dəstəyini təmin edən sektorlarda istehsalçı kimi bazarda öz yerini tutmalıdır. Qiymətlərin inhisarlaşmasıyla əlaqədar yüksəlməsinin, özəl sektorun təkbaşına öhdəsindən gəlmədiyi böyük investisiyaların təminatıyla iqtisadiyyatın xaricdən asılı vəziyyətdə qalmasının qarşısını alacaqdır.
Xüsusilə, mənfəət güdməyən infrastruktura investisiyalarının da dövlət tərəfindən həyata keçirilməsi zəruridir.
Dövlət eyni zamanda yerli sənayeni mühafizə etmək üçün hər cür anti-dempinq fəaliyyətlərini, gömrük tənzimləmələrini apararaq öz vətəndaşını qorumalıdır. Qarşıya belə bir sual çıxa bilər: Yerli sənayeni qorumaq rəqabətə mane olduğu üçün qiymətlərin yüksəlməsinə səbəb ola bilərmi? Bu anlayış Milli İqtisadi Modeldən başqa digər modelllərdə mümkündür. Ancaq bizim model, sıfır faizlə istehsalı dəstəkləyən bir model olduğu üçün çatışmayan rəqabət daxildəki yerli yeni istehsalçılar tərəfindən asanlıqla qorunacaq və qiymətlərin ümumi səviyyəsi normal olacaqdır.
Yenə dövlət yerli sənayenin xaricdəki həmkarıyla rəqabətə dözməsi üçün maya dəyəri və qiymət üstünlüklərini emissiya ilə ixracatın təşviqi yolu ilə təmin etməlidir.
Dövlət öz ərazisində milli pulun dövriyyəsini təmin edərək xarici valyutanın dövriyyəsini daim nəzarətdə saxlamalıdır. Əks təqdirdə öz vətəndaşının əməyi, dövriyyədə olan hər xarici pul həcmində xaricə ötürülməsin.
Dövlətin zəifləməsini istəyənlər, əslində onun cəmiyyətə xidmət edən tərəfinin zəifləməsini istəyirlər. Onlar, dövlət öz xalqından vergi yığanda qeydiyyatdan keçməyənlərin qeydiyyata alınması adı altında dövlətin xalq üzərində güclü iradəsini müdafiə edirlər.
Vergi almaq və sosial-ictimai xərcləri təmin etmək baxımından dövlət və yerli əhali arasında iki növ qarşılıqlı təsir vardır. Bunlardan birincisi vergi alan dövlətdir. Digəri isə ictimai xərcləri həyata keçirən dövlətdir. Dövləti zəiflətmək istəyənlər əslində vergi yığan dövləti deyil, xalqa xidmət edən dövləti zəiflətməyi nəzərdə tuturlar. Çünki vergi nə qədər çox yığılsa və nə qədər az xərclənsə, faizə o qədər çox pul köçürüləcək, qlobal sələmçilər və onların yerli əlaltıları da o qədər çox pul qazanacaqlar.
Kapitalizmdə vergilər, dövlətin yeganə gəlir mənbəyi kimi göstərilir. Halbuki, Milli İqtisadi Modelimizə görə dövlətin gəlirləri üç hissəyə ayrılır: vergi gəlirləri; dövlət müəssisələrindən gələn gəlirlər; inkişaf edən intisadiyyatda dövlətin əldə etdiyi senyoraj gəliri. Hər üçünün toplanması nəticəsində dövlətin gəlirləri formalaşır.

G (v) = vergi gəlirləri
G (t) = müəssisə gəlirləri
G (s) = senyoraj gəlirləri

GT = ümumi gəlir
HT = ümumi xərclər
SD = sosial dövlət göstəricisi
GT = G (v) + G (t) + G (s)
Balanslı büdcə: HT = GT

 
G (v)-nin G (t)-yə olan nisbəti nə qədər azdırsa, bu hökumətin idarəetmə səviyyəsinin bir o qədər yüksək olduğunu göstərir. Çünki əsas məsələ dövlətin ehtiyaclarını minimum vergi ilə təmin edən bir sistemi qura bilməsiylə əlaqədardır. Dövlət alan əl deyil, verən əl olmalıdır. Təəssüf ki, ölkəmizdə dövlət deyəndə, ağıla birinci növbədə vergilər gəlir. Dövlət, sanki bir ödəmə strukturuna çevrilmişdir.
Buradakı senyoraj gəlirinin isə hansı səviyyədə olmasını senyoraj bölməsində təfsilatıyla təhlil edəcəyik. Lakin senyoraj gəlirinin artımı iqtisadiyyatdakı inkişafı, dövlətin müəssisələrindən əldə etdiyi gəlirlərin artımı da ölkənin malik olduğu təbii ehtiyatların daha səmərəli bir şəkildə istifadə olunduğunu göstərir.
Təməldə öz xalqına xidmət etmək məqsədilə yaradılması zəruri olan dövlət, xalqdan yığdığı vergiləri qlobal sələmçilərə ötürən vasitəçi bir struktura çevrilmişdir. Bu gün, kapitalist sistemində dövləti müdafiə edənlər, bu cür dövlətin tərəfdarıdırlar. Bu anlayışlara görə dövlət xalqdan aldığı pulun az bir hissəsini xidmət məqsədilə yenə xalqa qaytaranda, aslan payı faizlə birlikdə iri sərmayə qruplarının cibinə axır. Halbuki, modelimizdə dövlət xalqdan yığdığı vergilərdən daha çox miqdarda vəsaiti (senyoraj və istehsal gəlirləri) xalqa xidmət şəklində xərcləyir. Dövlət xərclərinin yığılan vergilərə nisbətini, o dövlətin sosial dövlət göstəricisi adlandıra bilərik: SD = H(t)/G(v). Ona görə də bu mənada güclü dövlət, güclü millət deməkdir. Müasir kapitalist şüura görə isə güclü dövlət, vergi toplayan dövlətdir. Burada güclü dövlət, zəif millət anlamına gəlir.

Facebook-da MİM