12 Oktyabr - Şənbə 07:42:06
şriftin ölçüsü A A A
Milli İqtisadi Model Kitabı

Mündəricat

4. Pul siyasəti və senyoraj gəliri

Düzgün pul siyasəti, həm davamlı inkişaf həm də iqtisadi tarazlığı təmin etmək üçün zəruridir.

Pulun yalnız mübadilə və dəyər saxlama (yığım) vasitəsi olmadığı, eyni zamanda təhrik amili və istehsal olunan dəyərin müqabili olduğuna görə, aktiv bir pul siyasəti iqdisadiyyatı idarə edənlər üçün zəruri və əsas şərtdir.
Pulun həm əməyi və istehsalı, həm də tələbi aktivləşdirən bir təhrik amili və həmçinin istehsal olunan dəyərin müqabili olduğu barədə pula həsr edilmiş bölmədə izah etmişdik.
Pulun bu iki yeni xüsusiyyətini nəzərə alsaq, klassik pul siyasətinə yeni baxışın zəruruliyi ortaya çıxacaqdır. Buna görə necə bir pul siyasətinə ehtiyac olduğunu araşdırarkən, pula verdiyimiz yeni tərifdən çıxış edərək, öncə bir-biriylə əlaqədar olan pul tələbi və senyoraj məsələsinə toxunacağıq.
Sonra da pul təklifi məsələsinə aydınlıq gətirərək pulun nə cür və hansı vasitələrlə tədavülə buraxmağın yollarını izah edəcəyik.
İqtisadi modellərin əsas baxışlarını pul siyasəti müəyyənləşdirir. Milli İqtisadi Modelin pul siyasəti, əməyə, istehlaka, istehsala və faizə gətirdiyi baxış tərzi ilə digər iqtisadi modellərdən fərqlənir. Ancaq əvvəlcə tanınmış iqtisadi modellərin məsələyə necə yanaşdığına qısa nəzər salaq.
Pul tələbi məsələsində kapitalist anlayışın həm monetarist istiqaməti, həm də Keyns modeli, yerli əhalinin pul saxlamaq istəyinin səbəbini müəyyənləşdirməyə çalışmışlar.
Monetarist nəzəriyyəçi İrvinq Fişer istehsalın istehlaka bərabər olduğu mübadilə tənliyi ilə (mv=py), Kembric metodu isə pulun yalnız qarşılıqlı hesablaşma vasitəsi olmasından çıxış edərək məsələyə aydınlıq gətirmək istəmişlər. Məsələyə baxış tərziylə Fridmen da onlardan fərqlənmir.
Fridmen fərdlərin əldə saxlamaq istədikləri tarazlı pul həcmini sabit məbləğ kimi görür {35}. Bazarın öz-özünə tarazlaşacağı fikrindən çıxış edərək Fridman – «istehsal amillərini dövriyyəyə salan pul həcmi» istehsal nəticəsində əldə edilən mal və xidmətlərin dəyərinə uyğun istehlakı yaradır fikrini müdafiə etmişdir. Bu düşüncənin nəticəsi olaraq bazardakı pul artımının qiymət artımına səbəb olacağı qənaətinə gəlmişdir {40}.
Pulun neytral olduğunu iddia edən bu nəzəriyyə pul məbləğlərini dəyişdirərək bazara müdaxilənin real iqtisadiyyata heç bir fayda verməyəcəyini, əksinə bir çox disbalansın yaranmasına səbəb olacağını söyləmişlər {45}.
Türkiyədə həyata keçirilən pul siyasətini buna misal göstərmək olar.
Məsələnin maraqlı tərəfi aşağıdakıdır.
Fridmen həyata keçirdiyi empirik araşdırmalar və əvvəlki illərdə apardığı analizlər nəticəsində pul həcmiylə milli gəlir arasında bir əlaqənin olduğunu görmüş və ən məntiqli pul siyasətinin inkişaf edən iqtisadiyyatda müəyyən sabitlik şəraitində emissiya həcmini artırma olduğunu tövsiyyə etmişdir.
Keyns modeli isə pula tələbin möhtəkirliklə əlaqədar mövcud olacağına və onun dəyər saxlama (uyğun) funksiyasına diqqət çəkmişdir. Aktiv bir pul siyasətini müdafiə edən Keyns pul həcmini artıraraq bazarda faizləri azaldıb məhdud tələbi dövriyyəyə daxil etməyi tövsiyə etmişdir. Keyns emissiyanı faizlə alınan borc pul ilə ictimai xərclərin dəstəklənməsi kimi dəyərləndirmişdir.
İlk baxışda bir-birindən fərqli kimi görünən bu iki nəzəriyyə, mahiyyət baxımından eynidir. Hər ikisi sərbəst buraxılan bazarın öz-özünə iqdisadiyyatı tarazlaşdıracağı fikrini müdafiə etmişdir. Keyns real həyatda insanların pula tələbinin möhtəkirliklə əlaqədar formalaşacağını və bu tələbin iqtisadi tarazlığı istehlakın azalması istiqamətində pozacağını göstərmiş, faiz nisbətilə əlaqədar istehlak həcminin və müvafiq olaraq onun da istehsal həcmini dəyişdirməsinin mümkünlüyünü söyləmişdir.
Diqqət yetirsək aktiv pul siyasətini, müdafiə edən Keyns modeli aktivlik ilə nail olduğu faiz dərəcələrini dəyişdirərək istehlak həcmi üzərində oyundan başqa bir şey deyildir. Halbuki faiz dərəcəsinin istehsal qiymətlərinə təsiri istehlak qabiliyyətini itirənlərə heç nə vermir.
Nəzəriyyədə tədavüldəki pul həcmini artırıb faizi aşağı salmağı tövsiyə edən Keyns modelinin əksinə olaraq onu tətbiq edənlər, reallıqda faizlə alınan borclar ictimai xərcləri artırma yolunu seçmişlər. Bir ölkənin ictimai xərclərini faizli pul ilə artırması, sələmçilərə davamlı olaraq hər ay faiz ödənilməsi deməkdir.
Fridmen isə, bank sisteminin sıradan bütünlüklə çıxardılması mənasını daşıyan və bir zaman bankların topladıqları bütün depozitləri mərkəzi banka qoymağın zəruriliyini müdafiə etmiş, az sonra isə bu ideyadan imtina etmişdir. Çünki, kapitalist sistemdə ölkələri hərraca qoyan qlobal sələmçilərin və onların yerli əlaltıları bunu qəbul edə bilməzdi. Axı, pulun məlum və məhdud əllərdə inhisarlaşmasını təmin etmək qlobal güclərin pullarının artmasına səbəb olacaqdır. Onların mənfəətlərinə uyğun gəlməyən fikirlərin reallaşmaması özünü nəzəriyyə ilə praktikanın toqquşmasında və ya bəzi görüşlərin tədricən dəyişməsində göstərir.
Bu günə qədər mövcud olan bütün iqtisadi modellər, pulun yalnız mübadilə və dəyər saxlama (yığım) funksiyası haqqında tezisi müdafiə etdirmiş və qlobal güclərin mənfəətlərini qorumuşlar. Milli İqtisadi Modeldə isə istehlak qabiliyyətini artıran, istehlaka təkan verən, pulun bazarda sərbəst dövr etməsini təmin edən aktiv pul siyasəti həyata keçiriləcəkdir.
Tam məşğulluğu təmin edən təklif və tələbin kəsişmə nöqtəsi, iqtisadiyyatın tarazlıq nöqtəsidir. O zaman iqtisadi tarazlığın təmini üçün tədavüldə nə qədər pul olmalıdır? Bu sualın cavabını çox sadə, lakin maraqlı bir misalla izah edə bilərik.
Fərz edək ki, tarlasına qarğıdalı əkmək istəyən bir əkinçi əlindəki 1 milyard lirəylə toxumu almış, tarlasını şumlamış, torpağını kübrələmişdir. İlin sonunda isə tutaq ki, 5 milyardlıq məhsul götürmüşdür. Diqqət yetirilsə, ilin sonunda götürülən məhsulun miqdarı 5 milyard, istehsal üçün bazarda xərclənən pul miqdarının isə 1 milyard olduğunu görərik. Pulun əldə edilən mal və xidmət müqabili olduğunu düşünsək, 5 milyardlıq mala qarşılıq bazarda olan 1 milyard kifayət etməyəcəyini və 4 milyard yeni pula ehtiyac yaranacağını aydın görərik. Aradakı fərqi yox etmək üçün emissiya həcmini 4 milyard səviyyəsində artırmalıyıq.
Bu misala əsasən, hər il inkişaf edən iqtisadiyyatda inkişaf surətindən asılı olaraq emissiya həcminin artırılmasının zəruri olduğunu anlayırıq.
Qarğıdalı misalına diqqətlə baxdıqda bazarda olan 1 milyardla, 1 milyardın istehsal etdiyi 5 milyardlıq məhsulu almağın mümkün olmadığı görünür.
Bu şərtlər daxilində liberal iqtisadi modelin iddia etdiyi kimi sərbəst bazarda hər təklifin öz tələbini yaratdığını və ya onların bərabər olduğunu söylənməsi; bazar qiyməti 5 milyard olan malın 1 milyarda satılması və ya 1 milyardın bazar qiyməti 5 milyard olan malı satın alması mənasına gəlir; bu vəziyyət həm istehsal və həm də istehlak qabiliyyətini aradan qaldırır. İqtisadiyyat əvvəlcə resesiyaya, sonra da deflasiya və staqflasiyaya sürüklənir.
İqtisadi tarazlığın pozulması, böhranların yaranması, kapitalizmi bir alət kimi öz mənfəətləri üçün istifadə edən qlobal güclərin arzu etdikləri vəziyyətdir. Çünki, onlar beləliklə pulunu daha yüksək faizlə satacağı bazarı əldə edirlər.
Bütün bunlar qlobal güclər daha da gücləndirir.
Əvvəlki misala qayıtsaq, ilin sonunda əldə edilən qarğıdalı miqdarını sayıb 4 milyard çatışmazlığın olduğunu görərik. Lakin bunu bütün iqtisadiyyata aid etsək, emissiya həcmini hansı səviyyə və miqdarda genişləndirməliyik.
Bazarda ümumi pul həcminə bərabər istehlak formalaşanda, istehsal ilə istehlak arasındakı fərq qədər emissiya həcmi artırılmalıdır. Diqqət etsək görərik ki, artırılacaq emissiya həcmi istehlakın sürətindən də asılıdır.
Yuxarıdakı misala qayıtsaq, nəzəri baxımdan artırılması gərəkən miqdar 4 milyarddır. Ancaq bazarda emissiyanın artırılması nəticəsində əldə olunan 5 milyardın yalnız bir nəfərin əlində olduğunu yaxud hər hansı bir yerdə saxlanıldığını bir anlıq düşünün, bu zaman bazardakı pulun miqdarı kifayət qədər tələb yaratmadığı üçün iqtisadiyyatın tarazlaşması yenə də mümkün olmayacaqdır. Bazarın tarazlığını təmin etmək üçün reallaşması gərəkən aktiv pul siyasəti, inkişaf edən iqtisadiyyatda emissiya həcminin artırılmasına mane olduğu kimi, emissiya səlahiyyətinə malik olan dövlətlərə də senyoraj gəliri əldə etmə imkanı verir.
Friedmen empirik təcrübələrinin nəticəsi, qarşılaşdığı və səbəbini bilmədiyi reallığın, yəni emissiya həcminin nəyə görə və hansı səviyyədə artırılması zəruriliyinin izahı bundan ibarətdir.
Milli İqdisadi Modelimizdə pul siyasətinin birinci ayağı çatışmayan tarazlığın təmin olunmasıdır. Qalan hissəsi isə kapitalist dəyərlərin əsaslandığı «nə üçün insanlar pul tələb edirlər» deyimiylə əlaqədardır. Bunu istehlak bölməsində geniş şərh etmişdik. İnsanların gəlir səviyyəsi ilə istehlak həcmi arasında bir əlaqə vardır. Ancaq bu əlaqə, artıq dediyimiz kimi məlum bir sabitlik şəraitində deyil, əksinə gəlirin artması ilə müəyyən səviyyədə azalan bir ölçüdədir. Beləliklə, bazarda artan pul həcminin istehlaka necə təsir etməsi, tamamilə bunun hansı gəlir səviyyəsində olan şəxslərin əlinə keçməsiylə əlaqədardır.

 

A – Senyoraj

Senyoraj, geniş mənada «pulun hazırlanmasına çəkilən xərclə üzərində yazılmış dəyər arasındakı fərqdir». Bu fərq, dövlətin büdcəsinə gəlir kimi daxil olanda, dövlət vergi gəlirlərindən başqa ciddi bir gəlir də əldə edir.
Keçmiş dovrlərdə, qızıl pul sistemində qızılın nominal dəyəri ilə maddi dəyəri arasında bir fərq olmadığı üçün, pul buraxılmasında inhisar hüququ olan dövlət senyoraj gəliri əldə edə bilmirdi. Pulun metal dəyərini endirməklə əldə edilən senyoraj gəliri isə pulu etibardan saldığı üçün həm daxildə, həm də xaricdə aparılan ticarətə mənfi təsir göstərirdi.
Belə pul sistemlərinin tədricən kağız yəni şərti pul ilə əvəz olunması, dövlətlərin senyoraj gəliri əldə etməsinə şərait yaratmışdır.
Senyoraj gəliri dövlətlərin hökmranlıq hüququnu ifadə edir. Öz ərazisində əmək və istehsal mənfəəti qarşılığında senyoraj gəliri əldə etmək hüququna malik olan dövlətlər, vətəndaşının əmək və istehsal gəliri qarşılığında əldə etdiyi bu gəliri ictimai xərclərə sərf edir. Eyni zamanda dövlətlər, xalqının əmək və istehsal qazancının olmadığı bir şəraitdə də bu hüquqdan istifadə edərək senyoraj gəliri əldə edə bilərlər. Bu təqdirdə, mal və əmək müqabili olmayan senyoraj gəliri tələbi artırır. Bunun nəticəsində tələb inflyasiyası yaranır. Bu təqdirdə dövlət tələbin qarşısını nəzarət mexanizmi ilə alaraq inflyasiyanın qarşısını alır.
Dövlətin buraxdığı kağız pulun maya dəyəri çox aşağı olanda, maya dəyəri ilə nominal dəyər arasındakı fərq çox yüksəlir və beləliklə, dövlətlər yeni bir gəlir imkanı qazanırlar.
Senyoraj gəliri ictimai xərclərlə xalqa xidmət şəklində sərf edildiyi üçün, dövlətlərin senyoraj gəliri əldə etməsi, xalqın əməyinin özünə xidmət şəklində qayıtması deməkdir. Ölkələrin inkişafında qaldırıcı kran vəzifəsini yerinə yetirən senyoraj gəlirinə qarşı çıxan qlobalistlər, ölkə iqtisadiyyatında milli pulun yerinə xarici və maya dəyəri olan (törəmə) pulun dövriyyəsini müdafiə edirlər.
Qloballaşma adıyla mərkəzi banklarına senyoraj gəliri əldə etmək hüququ verilən dövlətlər, istehsalının qarşılığı olan milli pulunu dövriyyəyə buraxmaq yerinə, dövriyyədəki pul tələbini faizlə alınan xarici pul ilə təmin edirlər. Dövlətlərin sahib olduğu yeraltı və yerüstü təbii ehtiyatların xarici güclərə verilməsindən ibarət olan qloballaşmanın bir ayağı özəlləşdirmə, digəri isə senyoraj gəlirinə qoyulan qadağadır.
Ölkələrin özəlləşdirmə ilə sahib olduğu yeraltı təbii ehtiyatları, ən əhəmiyyətli dövlət müəssisələri və qoyulan qadağalarla senyoraj gəlirləri qlobal sərmayəçilərə axıdılır. İnkişaf etmiş ölkələrin BVF və Dünya Bankı xəttiylə inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarına emissiya qadağası qoymaları, onları senyoraj gəlirindən məhrum etməklə yanaşı, bazardakı emissiya kəsiri «hard currency» ilə ödənildiyi üçün bu dövlətlərin gəlirlərini özlərinə transfer edirlər. İnkişaf etməkdə olan ölkələrin mərkəzi banklarına avtonomluq hüququ veriləcək və senyoraj gəliri əldə etmələrinə qadağa qoyulmasının bu ölkələrin göz önündə istismar olunması deməkdir. Biz neçə ildir ki, müxtəlif TV kanalları və məqalələrdə bunu dəfələrlə söyləmişik.
İllərlə bəhs etdiyimiz həqiqətlər, artıq Türkiyədə və dünyada tanınmış şəxsiyyətlər tərəfindən də söylənilir. Türkiyənin Mərkəzi Bankının keçmiş sədri Yaman Törünər «Milliyyət» qazetindəki məqaləsində inkişafda olan ölkələrin senyoraj gəliri əldə etməsinə icazə verilmədiyinə, bunun əvəzində isə inkişaf etmiş ölkələrin həmin ölkələrin senyoraj hüququndan istifadə edərək «hard currency»ləri dövriyyəyə buraxıb onlardan vergi aldığına diqqət çəkərək deyir: Mərkəzi bankçılıq «Od və çarxlarla bərabər dünyada edilən ən böyük üç kəfşdən biridir. Mərkəzi banklar vasitəsilə dövlətlər pul çap edər və çap etdikləri pul qədər əhalidən vergi toplayaraq senyoraj gəliri əldə edərlər. Bu baxımdan prinsipcə əslində mərkəzi banklar dövlətlərin bir parçasıdır və dövlətdən müstəqil ola bilməzlər. Başqa sözlə onların müstəqilliyi, öz dövlətlərinin deyil, kapitalist sistemini idarə edənlərin iradəsinin təmsilçisi olması deməkdir. Hər hansı bir dövlət kapitalist sistemini idarə edən qüvvələrin iradəsini gerçəkləşdirməyə hazırdırsa, həmin dövlətin razılığıyla müstəqil edilir. Əsil «senyoraj» gəlirini inkişaf etmiş ölkələrin mərkəzi bankları əldə edir. Bu gəlirin nəzarət edilərək əldə edilməsi üçün inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının müstəqil olması, müstəqilliyin əsas götürülməsi, yəni öz dövlətlərinin mənafelərini kifayət qədər müdafiə etməmələri şərtdir. İnkişaf etmiş ölkələrin mərkəzi bankları həqiqi dəyişmə vasitəsi sayılan «hard currency» çap edirlər. İnkişaf etməkdə olan ölkələrin əhalisi qarşılığı olmayan «hard currency»ləri ödəmə, yığım və borc alma vasitəsi kimi istifadə edirlər və onların müstəqil mərkəzi bankları da «hard currency»dən istifadə edərək valyuta ehtiyatı yaradırlar. «Hard currency» çap edən mərkəzi banklar öz ölkələrində tələb ediləndən dəfələrlə artıq miqdarda xaricdən pul tələbi ilə qarşılaşırlar. Xaricdən olan pul tələbi qədər də qarşılıqsız pul çap edib, başqa ölkə əhalisindən senyoraj gəliri əldə edirlər. Yəni, bir sözlə desək inkişaf etmiş ölkələr mərkəzi bankların vasitəsilə inkişaf etməkdə olan ölkə xalqlarından vergi alırlar».
Əcnəbilərin inkişaf etməkdə olan ölkələrdən aldıqları verginin başqa bir növü, onları borclandırma yoludur.
Borclar üçün ödənən faizlərin böyük bir hissəsi əslində əcnəbilərin aldığı senyorajdır. Bu senyoraj əsasən banklar vasitəsilə yığılır. Borclandırma daxili və xarici borclar vasitəsilə həyata keçirilir. Ölkələrə borcların rahatlıqla ödənib, ödənməyəcəyi barədə məsləhətlər verilir və bu məsləhətlərə görə veriləcək kreditlərə faiz qoyulur.
Dövlətlərin daxili borclarının əsas bir hissəsi əcnəbilər tərəfindən verilir. Buna «qaynar pul» deyilir. Xarici borcların da çox böyük hissəsini əcnəbilər verir.
Borcun verilməsində istifadə edilən «hard currency», inkişaf etmiş ölkələrin mərkəzi banklarının çap etdiyi pullardır. Əslində, onların çap olunma xərcindən başqa heç bir xərci yoxdur. İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları və kommersiya bankları «ehtiyat» adlandırdıqları «hard currency»lərini inkişaf etmiş ölkələrin banklarında saxlayırlar. Nəticədə hər ölkəyə əslində öz pulunu borc verirlər. Alınan borcun çox hissəsi də, borcu verən əcnəbi ölkədən mal satın alınmasına sərf edilir. Beləliklə də, alınan borc müddəti bitmədən borcu verən ölkəyə qaytarılır və təkrar borc şəklində onlara verilir. Mərkəzi banklar daxili və xarici tələbdən artıq pul çap etsələr inflyasiya yaradarlar. Yəni, tələbə uyğun miqdarda çap edilən pul inflyasiya yaratmaz. Ancaq, xarici tələbə uyğun qarşılıqsız «hard currency» çap edən inkişaf etmiş ölkənin mərkəzi bankları, pul çap etdikləri təqdirdə inflyasiya yaratmazlar. Tələbdən artıq çap edilən pulun yaratdığı inflyasiya, bir növ əhalini kasıblaşdıran vergidir. İnflyasiya mühitində varlılar özlərini qorumaq üçün tədbirlər görürlər. Pullarına yüksək real faizlər almaq, sərvətlərinin bir hissəsini xaricdə saxlamaq və inflyasiya hesablamalarıyla əlaqədar işlərdir. Zənginlərin gördüklərini tədbirlər arasında vergi yükü əsasən az gəlirli əhalinin üzərinə düşür.
Senyoraj gəliri əldə etməyən ölkələri istehsal ilə məşğul olmalarına baxmayaraq rifah səviyyəsini yüksəldə bilmirlər. Ancaq öz pulunu, bu ölkənin yerli pulunun yerinə qoyan ölkələr, əldə etdikləri gəlirlə öz rifahını yüksəldirlər.
İnkişaf etməkdə olan ölkələr istehsal etmək üçün işləyərək işin əziyyətini çəkdikləri halda, bu istehsalın qarşılığı olaraq senyoraj gəliri əldə edən istismarçı ölkələr hazıra yiyə olurlar.
Bundan başqa, senyoraj gəliri əldə etməyən ölkələr bazarlarının ehtiyac duyduğu pulu xaricdən alırlar, aldıqları bu pula da faiz ödəyirlər.
Bir ölkənin öz mərkəzi bankında başqa bir ölkənin pulunun saxlanılması və ya onun dövriyyəsinə öz ərazisində şərait yaratması, həmin ölkənin maliyyələşdirilməsi deməkdir.
Bu gün başda Türkiyə olmaqla, əsasən Uzaq Şərq ölkələrinin Mərkəzi Banklarında böyük miqdarda ABŞ dolları saxlanılır. Yaponiyanın Mərkəzi Bankında 2005-ci ilin avqustunda 847 777 mlrd ABŞ dolları {35:06.09.05}, Çin Mərkəzi Bankında isə 2005-ci ilin iyul ayında 71 mlrd ABŞ dolları mövcud olmuşdur. Bunun mənasını belə başa düşmək lazımdır. Yaponiya və Çin xalqları 100 milyardlarla dollarlıq istehsal etmiş, əvəzində isə ABŞ kağız parçalarını boyayıb onlara verərək istehsalın nəticələrini özünə axıtmışdır.
Türkiyədə isə vəziyyət daha ağırdır. Çünki, biz yalnız Mərkəzi Bankımızda deyil, dövriyyədə də əcnəbi pulların istifadəsinə icazə veririk. Yəni istehsalımızın qarşılığında bazarda olması gərəkən emissiya həcmini, senyoraj hüququmuzdan istifadə etməklə qarşılamırıq. Əcnəbi ölkələr də emissiyalarını artırıb pullarını bizə göndərərək senyoraj gəliri əldə edirlər.
Senyoraj gəlirinin bizim kimi ölkələrə qadağan edilməsi, ancaq pulunu bütün dünyada işlədən ölkələrə sərbəst olması, onların inkişafına, bizim də müflisləşməyimizə səbəb olur.
Bu gün, dövlətlərin senyoraj gəliri əldə etməsi, bir növ inflyasiya vergisi və iqtisadi xəstəlik kimi qiymətləndirilərək, onların daxildən və xaricdən borc alması tövsiyə olunur.
Ancaq, Milli İqtisadi Modeldə müəyyən səviyyədə emissiya həcminin artırılması və senyoraj gəlirinin əldə edilməsi, dövlətlər üçün bir məcburiyyətdir. Əks təqdirdə, bazarda kifayət qədər istehlak olduğu üçün iqtisadi tarazlığı formalaşdırmaq mümkün olmaz.
Keçmişdə senyoraj gəliri əldə edən bəzi dövlətlər bunu müəyyən məntiq və ölçü daxilində həyata keçirməmişlər. Əsasən siyasi məqsədlə büdcə kəsirlərini ödəmək üçün istifadə etmişlər. Müəyyən şərtlərə tabe olmayan emissiya artımı, əlbəttə tələb inflyasiyası yaradar.
İlk baxışda bazarda artan pulun ümumi qiymət səviyyəsinə artıma səbəb olacağı iddiasıyla əlaqədar senyoraj gəlirinə qarşı çıxılır. Ancaq bu iddianı ortaya atanlar bir tərəfdən faizlə alınan xarici kreditləri, digər tərəfdən də bankçılıq sisteminin törəmə pul istehsalını müdafiə edirlər. Türkiyə Mərkəzi Bankının sədri S.Sərdəngeçtinin bununla əlaqədar açıqlamaları diqqətamizdir: «Bu ölkədə emissiyanın milli gəlirə nisbəti aşağıdır. Mərkəzi Bank əvvəldən bəri çap etməli olduğu pulu çap etmir və bunu faizləri yüksək tutmaq üçün edir. Rantiyəyə xidmət etməkdən əl çəkib çoxlu pul çap etsə, faizlər düşəcək, istehsal və investisiya artacaq, istehsal artdıqca inflyasiya düşəcəkdir» {Hürriyyət qəzeti, 17.01.2005}.
Göründüyü kimi, senyoraj gəlirinə qarşı olanlar əsasən dövlətə pul satmaq istəyənlərdir. Əgər dövlətlər emissiyalarını artırıb senyoraj gəliri əldə etsələr, qlobal sələmçilər yerli əlaltılarıyla böyük bir gəlirdən məhrum olarlar.
Milli İqtisadi Model senyoraj gəliri iqtisadi qanun kimi qiymətləndirilərək gəlirin nəyə bağlandığı göstərilir.
Ölkəmizə gələndə görürük ki, illərlə müəyyən inkişaf səviyyəsinə baxmayaraq zəruri olan yerli pul dövriyyəyə buraxılmamış, əksinə xaricdən faizlə alınan borc pul ilə Mərkəzi Bank vəzifəsini yerinə yetirməyə çalışmışdır. Bu vaxta qədər bir dövlət kimi ölkə emissiyasını reallaşdırsaydıq, bu gün yüzlərlə milyard dollar həcmində borca düşməzdik və istehsalçımız da arzuladığı real bazarı əldə edərdi.
Eyni zamanda zəruri pul bazarda olacağı üçün bazar canlanacaq, istehçalçı da arzuladığı bazarı əldə edəcəkdir.
Tünkiyə Cümhuriyyətinin Mərkəzi Bankının öhdəliklərinə nəzər saldıqda görürük ki, 01.09.2005-ci ildə cəmi öhdəliklər 78 704 003 mlrd TL-dir. Bunun 45 986 083 milyardı valyuta öhdəliyi olduğu halda, 17 525 915 milyardı emissiyadır {49}.
Yəni Mərkəzi Bankın öhdəliklərinin 22% emissiya olduğu halda 58% valyuta, qalanı isə depozitdir. Halbuki bu nisbət inkişaf etmiş qəbul edilən ölkələrdə öz emissiyaları son dərəcə yüksək olduğu halda valyuta öhdəlikləri olduqca azdır. Məsələn, ABŞ-da emissiya nisbəti 81,52% olduğu halda valyuta öhdəliyi 0%-dir. Almaniyada emissiya 53,51%, valyuta öhdəliyi 10%-dir. İspaniyada və İtaliyada isə valyuta öhdəliyi müvafiq olaraq 0,57% və 6%-dir {53}. Bu rəqəmlərə baxdıqda belə bir həqiqət nəzərə çarpır; biz istehsalımız müqabilində bazarda özümüzün emissiya etdiyimiz pulları dövr etdirmək əvəzinə başqa ölkələrin pullarından istifadə edirik. Bu pula gəlirimizi həmin ölkələrə transfer edirik. İnkişaf etdiyi qəbul olunan ölkələrdə isə bunun tam əksi olan pul siyasətinin yerildiyini görürük. Digər tərəfdən tədavüldəki pul ilə müddətsiz depozitlərin cəmini təşkil edən M-1 rəqəmlərinin ÜMM-la nisbətinə nəzər saldıqda ölkəmizdə necə oyunlar oynanıldığını daha aydın başa düşərik.
Ölkəmizdə M-1/ÜMM nisbətinə nəzər saldıqda bu nisbətin 6,2% olduğunu görürük (2005-ci ilin yanvarında M-1 rəqəmi 26 906 087 YTL ÜMM rəqəmi isə 430 511 476 968 YTL-dir {40}).
Halbuki bu nisbət yuxarıda göstərilən kimi inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Məsələn AVRO zonasında (İngiltərə xaric) 2004-cü ildə ÜMM 7 601 milyard AVRO, M-1 rəqəmi isə 2 937 milyard AVRO olmuşdur, yəni M-1/ÜMM=38% {50, avqust 2005}.
Çinin 2004-cü ildə ÜMM-i 1649 milyard dollar, M-1 rəqəmi isə 1 150 trilyon dollar olmuşdur, yəni M-1/ÜMM=69,7% {51}.
Ölkəmizdə «pul çap etmə, inflyasiya olar» şüarı ilə həm xalqı, həm də ictimai bölməni qlobal sələmçilərə möhtac edənlərin iddiasının nə qədər mənasız olduğunu anlamaq üçün yalnız Çindəki pul rəqəmlərinin ölkəmizdən 10 dəfə çox olmasına və buna baxmayaraq inflyasiya nisbətinin bizdən daha az olduğuna nəzər salmaq kifayətdir.
Dövlətin senyoraj ilə pul təklifini artırmasının inflyasiyaya yol açması iddiasıyla emissiya həcminin genişlənməsinə qarşı çıxanlar, bazarda xalq əməyinin qarşılığı olan xarici pulların ölkədə dövriyyəsinə susurlar.
Dövlətlərin dövriyyədə çatışmayan pula olan ehtiyacının öz pulu ilə qarşılaması məsələsi Milli İqtisadi Modeldə pul təklifi aspektini formalaşdırır. Kapitalizmin bütün iqtisadi modelləri faizə əsaslanaraq bazarın ehtiyac duyduğu pulun maliyyə xəttiylə qarşılanmasını tezis kimi ortaya qoyurlar.
Bunun nə dərəcədə olmasının zəruriliyi pul fəslində izah etmişik. Kapitalist anlayış hələlik belə bir biliyə malik olmamağı ilə yanaşı apardıqları emprik çalışmalar hər il inkişaf sürətinə yaxın, amma ondan az olmamaq şərtilə tədavülə pul buraxmağa yönəltmişlər. Belə ki, M. Fridmen belə deyir: «Səbəbini bilmirik, amma hər il böyümə nisbətinə yaxın bazara pul çıxarmaq ən yaxşı hal kimi görünür».
Kapitalist iqtisadiyyatın yaradıcıları senyoraj məsələsində aydın təsəvvürlərinin olmadığını etiraf edirlər. Belə ki, M. Fridmen göstərirdi: «Mən bu anda pul siyasəti rəhbərlərinin pul məbləğini müəyyən etdikləri bir nisbətdə artırmalarını icazə verən qanunların qəbul edilməsinə üstünlük verirəm.
Pul məbləğinin illik artım nisbəti 3-5% arasında ola bilər. Onu vurğulamaq istəyirəm ki, bu tədbir pulun idarə olunmasında hər zaman və sonsuzluğa qədər bir şərt hesab edilməməlidir. Bizim hal-hazırda pul haqqında mövcud biliklərimizə görə bunun ən uyğun şərt olduğunu düşünürəm. Pul haqqında daha çox biliyimiz olduqda daha yaxşı şərtlər qəbul etmək mümkündür {33, s.54;34}
Həqiqətən də ABŞ uzun illərdən bəri məhz belə bir siyasət həyata keçirir. 1950-1971-ci illərdə ÜMM-in real artımı 3,84%, M-1 artımı isə 3,94% olmuşdur. 1994-2002-ci illərdə isə həmin artım müvafiq olaraq 3,19 və 3,8% olmuşdur {27}.
Yaponiya misalına bir də qayıtsaq görərik ki, 1950-1971-ci illərdə, yəni yüksək artım sürətinə malik olduğu dövrdə ÜMM-un real artımı 9,45% olduğu halda, M-1 orta hesabla 16,1% idi {32}.
Ancaq deflasiyaya düçar olduğu 90-cı illərin ortalarında (1995-ci ildə) M-1/ÜMM nisbəti 44,7 trilyon ien/484,3 trilyon ien=9,2% qədər az olduğunu görürük.
Yaponiyanın son dövrdə bu nisbəti artıracağı gözlənilir. 2004-cü ildə M-1/ÜMM, yəni 108,3 trilyon ien=20,2% olmuşdur {32}. Lakin yalnız tədavüldəki pul miqdarını artırmaq lazım olan istehlakın formalaşması üçün kifayət deyildir. Çünki gəlir bölgüsündə tarazlığı təmin etmədən və bazara təklif olunan pulun az gəlirli əhalinin gəlirini artırması üçün tədbirlər görmədən yalnız pul artırmaqla məsələni həll etmək olmaz. Bununla əlaqədar olaraq Yaponiya tədavüldəki pulu artıraraq nisbi sabitlik yaratsa da hələ iqtisadiyyatı tam sabitləşdirə bilməmişdir.
Bütün kapitalist anlayışları modellərinin mərkəzində faizi qoymuşlar. Bazarların isə pul ehtiyaclarının maliyyə dəyəri olan pullarla ödənilməsi zəruri hesab edilmişdir {44, s.123}.
Bankçılıq sistemi depozitlər sayəsində topladığı puldan daha artığını bazarlara satır və bazarın pula olan ehtiyacını özünün istehsal etdiyi kredit pul ilə qarşılayır. Buna törəmə pullar deyilir. Bankların ehtiyacını banklar bu pullar ilə ödəyirlər. Bu, məntiqi olaraq mərkəzi bankların pul çap etməsindən fərqlənmir. Hər ikisi də emissiya həcmini artırır.
Bankçılıq sistemi bunu faizlə edərək qazanır. Ancaq Mərkəzi Bankdan bazara ayrıca pul təklif ediləndə, bankçılıq sektoru faiz gəliri əldə edə bilmir.
Mərkəzi bankların emissya həcmini artırmaq əvəzinə, bankların törəmə pul istehsal etməsi və ya kredit kartı paylaması, bazarda hər cür fəaliyyətin bankların faiz gəliri əldə etməsini təmin edir. Beləliklə, bazarlarda əldə edilən hər növ gəlirin müəyyən bir hissəsi onların hesabına keçir. Digər tərəfdən törəmə pul istehsalı emissiya həcmini məhdudlaşdırır. Çünki, bazarda lazım olan müəyyən pul həcminin çox hissəsi törəmə pul ilə qarşılandıqda, Mərkəzi Bank emissiya həcmini məhdudlaşdırmaq məcburiyyətində qalır. Beləliklə, dövlətin əldə edəcəyi senyoraj gəlirini, faiz yoluyla bankçılıq sistemi əldə edir.
Bazara lazım olan pulun qarşılanmasında kapitalist modellərin tövsiyə etdikləri ikinci anlayış, yenə də əcnəbilərin dövlətdən faiz və senyoraj gəliri əldə etməsinə səbəb olan faizlə alınan xarici puldur. Hər iki anlayış da iqtisadiyyatın inkişafına deyil, faizlə pul satan müəyyən kiçik qrupların mənfəətinə xidmət edir.
Bununla əlaqədar Türkiyə Mərkəzi Bankının keçmiş sədri Y.Törüner «Milliyyət» qazetindəki məqaləsində belə deyir: «Dünyada hakim quruluş kapitalist sisteminə aiddir. SSRİ-nin dağılmasından sonra yeni bir quruluş gerçəkləşdirmək mümkün olmamışdır. Sadəcə iqtisadi sistem kimi qiymətləndirilməsi kifayət etməyən kapitalizm, bir dünyagörüşüdür.
Bu baxımdan onun siyasi aspekti demokratiya, iqtisadi aspekti bazar iqtisadiyyatı, ictimai aspekti isə insan hüquqlarıdır.
Kapitalist sistemi və onun prinsipləri, bu sistemdən ən çox yararlanan ölkə və qruplar tərəfindən canfəşanlıqla müdafiə edilir və edilməkdədir. Bu sistemdən ən çox faydalananlar inkişaf edən ölkələr, transmilli şirkətlər və AŞ kimi geniş miqyaslı əməkdaşlıq müqavilələridir. Onların bu sistemdə istədikləri kimi davranmaları, hər dövlətin oyunun qaydalarına ciddi əməl etməsindən asılıdır.
Oyunun qaydaları arasında demokratik rejimi genişləndirmək, insan hüquqlarını yayaraq gerçəkləşdirmək, bazar iqtisadiyyatının yayılmasını maksimum səviyyəyə çatdırmaq, beynəlxalq sərmayə və pul axınının qarşısındakı maneələri ortadan qaldırmaq, çirkli pullarla mübarizə etmək, vergi və digər iqtisadi sistemlərə nümunə göstərmək kimi qaydalar vardır.
BVF, Dünya Bankı, BMT, ÜTT kimi təşkilatlar da əslində oyunun qaydalarını istənilən normalarda yerləşdirmək məqsədi ilə yaradılıblar».
Milli İqtisadi Modeldə pul sadəcə mərkəzi banklar vasitəsilə faizsiz bazarlara təklif ediləcək, beləliklə istehsal və istehlakın imkanları genişlənəcək və bazarları dövlət idarə edəcəkdir.
B – Milli İqtisadi Modeldə senyoraj

Senyoraj, vətəndaşların əməyinin və istehsalın qarşılığı olan pulun dövlətin öz hökmranlıq hüququndan istifadə edərək Mərkəzi Bankda emissiyasını genişləndirmək yolu ilə ödənilən vəsaitdir. Bizim modeldə dövlət borc almadan senyoraj hüququnu həyata keçirərək emissiyasını genişləndirəcək, öz insanının əməyinin və istehsalın qarşılığı olan pulu özü çap edəcəkdir. Həmin senyoraj gəliri, ev qadınlarına maaş, kəndliyə faizsiz kredit, iş adamına yenə kredit şəklində veriləcəkdir. Beləliklə, istehsal sürətlə artacaq və istehlak hərəkətə keçəcəkdir.
Senyoraj gəliri, ictimai dövlət layihəsində maaş şəklində xalqa veriləndə, istehlakçının (işçi, məmur, kəndli, əkinçi) alıcılıq qabiliyyətini artıracaq və bunun müqabilində istehsalçı da artan tələbə uyğun olaraq daha çox istehsal edəcək və nəticədə bu iki ünsür bir-birini hərəkətə gətirərək, iqtisadi tarazlığı təmin edəcəkdir. Əmək və istehsalın qarşılığı kimi senyoraj gəlirini reallaşdıran dövlətlər, rahatlıqla borca düşmədən ictimai xərclərini təmin edirlər. Ancaq, əməyin və istehsalın qarşılığı kimi əldə edilən qazanc müqabilində pul dövriyyəyə girməsə, pul çatışmazlığı əmələ gələr, mübadilə məhdudlaşar və bazarlarda durğunluq yaranar. Buna görə də senyoraj gəliri, bazarda gəlirləri təmin edən bir amildir. Senyoraj gəliri, əsasən əməyin və istehsalın gəliri qarşılığında dövriyyəyə girməsi üçün bir haqq olmasına baxmayaraq, bəzən əmək və istehsalın qarşılığı olmayanda da dövriyyəyə girir və iqtisadiyyatı inkişaf etdirir.
Məsələn, yolların salınması üçün lazımi maliyyə vəsaiti yoxdursa, vəsait, material, işçi, əmək və istehsal ilə əlaqədar bütün xərclər tamamilə sizə aid olduğu üçün inkişafda senyoraj hüququndan istifadə bir taktika kimi qarşımıza çıxacaqdır.
Yeraltı təbii ehtiyatların və kənd təsərrüfatı sahəsinin dəyərləndirilməsində də bu vəziyyət təkrar olunacaqdır.
Eyni vəziyyət aqrar bölməyə də aiddir. Kənd təsərrüfatı sahəsinə əlinizdəki pul ilə hökmən avans kreditinin verilməsi şərt deyildir. Bu şərtlərdə, əmək və istehsal müqabilində yığılan kənd təsərrüfatı məhsulları qarşılığında emissiyanın genişləndirilməsi, yəni senyoraj hüququndan istifadə, istehsala yardım edər.
Yəni emissiyanın dövriyyəyə girə bilməsi üçün əmək və istehsaldan əldə edilən qazancın ortada olması vacib deyildir. Əmək və istehsal ilə əldə edilən qazancın nəticəsi kimi emissiyanın genişləndirilməsi şərti inflyasiya riskinin olmaması üçündür.
Belə bir inflyasiya riski olsa da dövlət qiymət üzərində nəzarəti gücləndirməklə, onun qarşısını ala bilər.

Facebook-da MİM